Qahirədə növbəti iğtişaşlar başladı
Qahirədə Misirin sabiq prezidenti Məhəmməd Mursinin tərəfdarları və polis qüvvələri arasında toqquşmalar baş verib.
APA TV-nin “TASS”a istinadən verdiyi xəbərə görə, şiddətli toqquşmalar Qahirənin əl-Mənsuriyə rayonunda qeydə alınıb.
Hadisə yerinə cəlb olunmuş polis qüvvələri gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıtmağa çalışıblar. Bu zaman etirazçılardan biri polisə atəş açıb. Bir polis zabiti yaralanıb, 15 etirazçı saxlanılıb.
Daha sonra Təhrir meydanında iki partlayıcı qurğu zərərsizləşdirilib. Həmçinin Mursi tərəfdarları etiraz əlaməti olaraq Qahirənin ətrafındakı dairəvi yolu bağlayıblar. Qeyd edək ki, Qahirə məhkəməsi Məhəmməd Mursini 20 il müddətinə həbs cəzasına məhkum edib.