Azərbaycanda bu il 48 şəxs barədə korrupsiya ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Azərbaycanda 2015-ci ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən 48 şəxs barəsində 39 cinayət işinin istintaqı tamamlanaraq, baxılması üçün məhkəmələrə göndərilib.

 

APA TV-nin məlumatına görə, bu barədə 2015-ci ilin birinci rübünün yekunları ilə bağlı keçirilən mətbuat konfransında Baş İdarənin rəisi Kamran Əliyev bildirib.

 

O qeyd edib ki, rüb ərzində məhkəməyə göndərilmiş cinayət işləri üzrə vurulmuş 18 556 668 manat məbləğində ziyanın 5 894 138 manatı və ya 31,7%-nin ödənməsi təmin edilib.

 

Hesabat dövründə ibtidai istintaqı aparılmış cinayət işləri üzrə 9 təqdimat verilib. Əməliyyat İdarəsi tərəfindən 14 şəxs barəsində 12 cinayət işi başlanıb. İlin ilk 3 ayında 13 şəxs barəsində axtarış elan edilib, 2 nəfər tutularaq istintaqa təhvil verilib, 21 şəxs isə beynəlxalq axtarışa verilib.  

 

“Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 6 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

 

Kamran Əliyev bildirib ki, Azərbaycanda son 10 ildə korrupsiya cinayətləri nəticəsində dövlətə 200 milyon manatdan artıq ziyan vurulub. Onun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaranan gündən indiyədək 1781 vəzifəli şəxs barəsində 1025 cinayət işinin məhkəmələrə göndərilməsi təmin edilib. Onlardan 68-i rüşvət alma, 133-ü vəzifə səlahiyyətlərindən sui-istifadə, 449-u qulluq mövqeyindən istifadə edərək talama cinayətləri ilə əlaqədar olub. Dəymiş ziyanın dövlət büdcəsinə ödənilməsi məqsədilə 173 milyon manatlıq əmlak üzərində həbs qoyulub, 122 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib.

 

Onun sözlərinə görə, bu ilin birinci rübündə istintaqı tamamlanaraq məhkəməyə göndərilən 39 cinayət işi bir çox sahəni əhatə edib. Həmin cinayət işlərinin 14-ü özəl sektor, 4-ü icra hakimiyyətləri, 2-si təhsil, 2-si bələdiyyə, 1-i səfərbərlik xidməti, 3-ü bank sektoru, digərləri isə sosial sahə ilə bağlı olub. 

 

Müəllif | Apa.Tv
Apa.tv