"Bakı-2015: I Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası yaradıldı
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və “Bakı-Xəbər” qəzetinin təşkilatçılığı ilə “Bakı-2015: I Avropa Oyunlarına Dəstək. Vətəndaş cəmiyyətinin hədəfləri və missiyamız” mövzusunda tədbir keçirilib.
APA TV-nin məlumatına görə, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib ki, “Bakı-2015” I Avropa Oyunları Avropa qitəsinin həyatında əlamətdar bir hadisədir. O, Azərbaycanın yarışlara yüksək səviyyədə hazır olduğunu, “Bakı-2015: I Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılacağını nəzərə çatdırıb.
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rafael Becanov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi I Avropa Oyunlarına Hazırlıq üzrə Təşkilat Komitəsinin bu oyunlarla bağlı yüksək səviyyədə hazırlıq işləri gördüyünü söyləyib.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Azərbaycanı müstəqil siyasət yürüdən, bir müsəlman ölkəsi kimi uğurlara imza atan ölkə kimi görmək istəməyən qüvvələr olduğunu bildirib.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni QHT-lər və media qurumlarının bir araya gəldiyi “Bakı-2015: I Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılmasını dəstəklədiklərini vurğulayıb.
Millət vəkili Aqil Abbas Azərbaycanı gözdən salmaq kampaniyasının nəticə verməyəcəyini söyləyib: “Necə olur ki, Azərbaycanda maliyyələşənlər satqınlar, xaricdən, tutaq ki, Soros Fondundan maliyyələşənlər müstəqil, vətənpərvər olur?”
“APA Holding”in prezidenti Vüsalə Mahirqızı I Avropa Oyunlarının beynəlxalq idman bayramı olduğunu deyib: “Bu tədbirdən siyasi məqsəd, daha doğrusu, Azərbaycana təzyiq üçün istifadə etmək istəyənlər var. Məncə, qurulan koalisiya da daha çox bu istəkdə olanlara cavab verməli, onların niyyətlərini ifşa etməlidir".
Vüsalə Mahirqızı bildirib ki, insan hüquqları hər bir ölkə üçün önəmli məsələdir: "Azərbaycan üçün də insan haqları xüsusi əhəmiyyət kəsb edir. Çünki bizim bir milyondan artıq insanımızın təməl hüququ, öz doğma ata-baba yurdunda yaşamaq hüququ pozulub. Bu gün Azərbaycanı ittiham edən beynəlxalq təşkilatlar, heç olmasa, bir dəfə bununla bağlı bəyanat səsləndirsəydilər, başqa bəyanatları da az-çox səmimi görünərdi. Amma indi məqsədin istənilən beynəlxalq səviyyəli tədbirdən istifadə edərək, ölkəyə təzyiq etmək olduğu aydındır".
Millət vəkili Çingiz Qənizadə, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova və digər tədbir iştirakçıları Koalisiyanın yaradılmasını dəstəkləyiblər.
Tədbirdə aparıcı QHT-lər və media orqanları “Bakı-2015: I Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasında birləşdiklərini elan ediblər. Koalisiya adından yayılan bəyanatda bildirilir ki, əsas məqsəd I Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyin təmin edilməsindən ibarətdir. Bu məqsədlə ölkə daxilində obyektiv məlumatlandırma işinin aparılması nəzərdə tutulur.