Prezident İlham Əliyev Heydər Əliyev adına İdman Sarayında görülən işlərlə maraqlanıb
Prezident İlham Əliyev və xanımı, “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev adına İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.
APA TV-nin "AzərTAc"-a istinadən verdiyi xəbərə görə, gənclər və idman naziri Azad Rəhimov burada aparılan əsaslı təmir işləri barədə məlumat verib. İnşasına 1977-ci ildə başlanan bu idman qurğusu 1990-cı ildə istifadəyə verilib. Əvvəllər binada belə yüksək səviyyədə əsaslı təmir işləri aparılmayıb. Dövlət başçısı və xanımı bu idman qurğusunda aparılan əsaslı təmir işlərinin gedişi ilə dəfələrlə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini veriblər.
Əsaslı təmir işləri aparılarkən kompleksin mötəbər yarışların təşkilinə, o cümlədən Birinci Avropa Oyunları zamanı beynəlxalq idman federasiyalarının tələblərinə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb. İdman Sarayının məşq zalı ən müasir səviyyədə qurulub. Burada püşkatma, dopinq yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları və kafe, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar var. Kompleksdə 200 yerlik mətbuat mərkəzi, jurnalistlər üçün kafe, 40 nəfərlik konfrans otağı, könüllülər üçün 350 nəfərlik zal və kafe də yaradılıb. Əsas zal və korpuslardan ibarət olan İdman Sarayında Birinci Avropa Oyunları zamanı yunan-Roma və sərbəst güləş, həmçinin cüdo və sambo üzrə yarışlarda qadınlar və kişilər qüvvələrini sınayacaqlar. Sarayın ümumi tamaşaçı tutumu təmirdən əvvəl 7587 nəfər idisə, indi bu rəqəm 7830-a çatdırılıb. Burada eyni zamanda VIP tamaşaçılar üçün 126, fiziki imkanları məhdud tamaşaçılar üçün isə 30 oturacaq quraşdırılıb. İdman obyektinin yarış zalları, mətbuat işçiləri üçün sahələr, yüksək səviyyəli qonaqlar üçün VIP otaqlar, yarışların gedişinin canlı teleyayımının təşkili mərkəzi ən müasir səviyyədə yaradılıb.