DSMF Ağdaşda regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib
Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Ağdaşda regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusuna həsr olunan tədbirdə Ağdaş, Göyçay, Qəbələ və İsmayıllı rayonlarından olan sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib.
Vətəndaş forumunda sığortaolunanlar və pensiyaçıların əsasən sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılmasına dair çoxsaylı sualları cavablandırılıb, bu məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.
Müzakirələrin gedişində DSMF-nin şöbə müdiri Famil Qədimov qeyd edib ki, çoxsaylı pensiyaçı və sığortaolunanlar kontingentinə qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılmış xidmətin təşkili məsələlərinin həllində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Şöbə müdiri ölkəmizin sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını diqqətə çatdırıb. O bildirib ki, hazırda Fondun mərkəzi məlumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 041 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizini təşkil edir.