Obama 1915-ci il hadisələrinin 100 illiyi münasibətilə bəyanat verəcək

"Prezident Barak Obama 1915-ci il hadisələri ilə əlaqədar öz münasibətini davamlı olaraq ifadə edib". APA TV-nin məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf gündəlik mətbuat konfransında qondarma "erməni soyqırımı" ilə bağlı suala cavabında bildirib.

 

“Bu məsələ ilə bağlı Ağ Evin mövqeyi bəllidir. Bilirik ki, bəziləri bu il başqa bir şey eşitmək istəyir. Amma bununla belə, ötən illərdə tutduğumuz yanaşmanın doğru olduğuna inanırıq. Builki yanaşmamız - həm keçmişi etiraf etmək, həm də regional tərəfdaşlarımızla çalışaraq gələcəkdə əmin-amanlığa nail ola bilmək istiqamətindədir. Bunun vacib olduğunu hiss edirik” - deyə Mari Harf qeyd edib.

 

Onun sözlərinə görə, prezident Obama 1915-ci il hadisələri ilə əlaqədar öz mövqeyini davamlı olaraq ifadə edib: “Bəzi dairələr bu il fərqli ifadələr eşitmək arzusundadır, bunu anlayırıq və həssaslıqla yanaşırıq. Amma mövcud yanaşma tərzinin  doğru olmasına da şübhə etmirik”.

 

Ağ Evin nümayəndəsi Erik Şults isə bildirib ki, prezident Barak Obama 1915-ci il hadisələrinin 100 illiyi münasibətilə bəyanatla çıxış edəcək. O, ABŞ prezidentinin bəyanatda "soyqırım" ifadəsindən istifadə edib-etməyəcəyi ilə bağlı suala cavabında bildirib ki, prezidentdən ildönümünün tarixi əhəmiyyəti ilə bağlı bəyanat gözləmək olar. 

Müəllif | Apa.Tv
Apa.tv