Arda Turan qırmızı kart aldı: "Real" yarımfinalda!

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin son cavab oyunları keçirilib.

 

APA TV-nin məlumatına görə, Madrid "Real"ı öz meydanında "Atletiko" ilə qarşılaşıb. Bu komandalar arasındakı ilk qarşılaşmada hesab açılmamışdı.

 

Birinci hissə "Real"ın üstünlüyü ilə keçib. Lakin ilk 45 dəqiqədə qapılara qol vurulmayıb.

 

Qarşılaşmanın pik nöqtəsi türkiyəli futbolçu Arda Turanla bağlı olub. İlk hissədə sarı kart alan Arda Turan 76-cı dəqiqədə komandasını azlıqda qoyub. Hakim qayda pozuntusundan sonra ona ikinci sarı vərəqəni göstərib və qırmızı vərəqə ilə meydandan qovub. Arda Turanın etirazlarına baxmayaraq, hakimin qərarı dəyişməyib.

 

88-ci dəqiqədə isə "Real" qələbə qolunu vurub. "Kral klubu"nun heyətində meksikalı hücumçu Havyer Hernandes fərqlənib. Qol ötürməsini isə Kriştianu Ronaldu edib.

 

Beləliklə, "Real" "Atletiko" üzərində mövsümün ilk qələbəsini qazanıb. Bu qələbə "Real"ı yarımfinala çıxarıb.

 

Digər qarşılaşmada isə “Yuventus” səfərdə “Monako” ya qarşı mübarizə aparıb. Turində knyazlıq təmsilçisinə minimal hesabla qalib gələn “qoca sinyora” cavab oyunundakı qolsuz heç-heçə ilə yarımfinala yüksəlib.

 

Yarımfinalda qarşılaşacaq cütlüklər aprelin 24-də məlum olacaq.

Müəllif | Apa.Tv
Apa.tv