Şəkidə 24 yaşlı ana doğuş vaxtı öldü
Şəkidə ana ölümü faktı qeydə alınıb.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qəbələ şəhəri Həzi Aslanov küçəsi, ev 18 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü, Aygün Famil qızı Kərimova aprelin 22-də günorta saatlarında Şəki Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsində qeysəriyyə əməliyyatı ilə doğuş keçirib.
Doğuşdan sonra Aygün Kərimovanın vəziyyəti qəflətən pisləşib və o, saat 22:30 radələrində ölüb.
Hadisə ilə bağlı Şəki Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinin müdiri Ruziyə Hüseynova bildirib ki, Aygün Kərimova aprelin 17-də 35 həftəlik hamiləlik, böyrək çatışmazlığı və yüksək arterial təzyiqlə xəstəxanaya daxil olub. Xəstəyə lazımı bütün tibbi yardımlar göstərildikdən sonra əməliyyata qərar verilib.
Aprelin 22-də qeyseriyyə əməliyyatı ilə 35 həftəlik qız uşağı götürülüb. Əməliyyatdan 6 saat sonra Aygün Kərimovanın vəziyyətində qəfildən pisləşmə baş verib, müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Bu, Aygün Kərimovanın ikinci hamiləliyi olub. Bundan əvvəl o, Qəbələ Şəki Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində təbii yolla iki əkiz oğlan dünyaya gətirib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.