Bakı yollarında Avropa Oyunları ilə əlaqədar xüsusi zolaqlar ayrılacaq
"Avropa Oyunlarının seçilmiş xüsusi marşrut yollarında yalnız Avropa Oyunları iştirakçılarının istifadəsi üçün nəzərdə tutulan xüsusi zolaqlar ayrılacaq".
APA TV-nin xəbərinə görə, bunu “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) inteqrasiya qrupunun bu gün keçirilən iclasında komitənin nümayəndəsi Panos Protopsalitis bildirib.
Onun sözlərinə görə, sabahdan etibarən bu istiqamətdə başlanacaq işlər mayın sonunda tam hazır olacaq. Digər nəqliyyat vasitələri üçün bu zolaqlardan istifadə qadağandır: "Üzərində yarışın emblemi olacaq bu zolaqların çəkilməsinə sabahdan başlanacaq. Nəqliyyat vasitələrinin park edilməsinə də xüsusi nəzarət ediləcək. May ayının əvvəlindən etibarən iş vaxtının mərhələli qrafikə keçirilməsi tıxacların aradan qaldırılmasına kömək olacaq. İritutumlu nəqliyyat vasitələri yalnız gecə şəhərə buraxılacaq. Eyni zamanda nəqliyyat vasitələrinin üzərində xüsusi buraxılış vəsiqələri olacaq. Bu, taksilərə də aid ediləcək".
Metronun Avropa Oyunlarının keçiriləcəyi bütün obyektlərə getmədiyini deyən BEGOC rəsmisi bildirib ki, bunun üçün 8 metro stansiyası yaxınlığında xüsusi mərkəz qurulacaq və burada azarkeşləri xüsusi zolaqlar vasitəsilə maneəsiz şəkildə obyektlərə aparacaq ekspress avtobuslar işləyəcəklər.
Yunan mütəxəssis deyib ki, müəyyən olunmuş ərazilərə yalnız VAPP-a, yəni xüsusi buraxılışa malik olan nəqliyyat vasitələri daxil olub park edə bilərlər. Xüsusi buraxılışı olan nəqliyyat vasitələri isə BEGOC-un nəqliyyat vasitələri və Dövlət Yol Polisidir. Lakin parkinqə nəzarət zonalarına bütün nəqliyyat vasitələri buraxılış vərəqələri olmadan daxil olub keçə bilər. Bu zonalarda park etmək isə qadağandır.
Azərbaycanın gənclər və idman naziri, BEGOC-un baş icraçı direktoru Azad Rəhimov isə bildirib ki, tədbirdə bir sıra vacib məsələlər müzakirə edilib və yarışlara hazırlıqla bağlı son məlumatlar veriləcək.
Rabitə sahəsi ilə bağlı işlərin yüksək səviyyədə olduğunu deyən rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirib ki, bir çox işlər bir düyməni basmaqla həll olunacaq: "I Avropa oyunları ilə bağlı nazirlik tərəfindən xüsusi markalar da hazırlanıb. Bu gün markalar dövriyyəyə buraxılır. Bu markalarda bütün idman növləri nəzərə alınıb. Artıq poçt şöbələrindən bu markaları əldə etmək olar".
Qeyd edək ki, markaların qiyməti isə 20 qəpik təşkil edir.