Mir Möhsün Nəvvabın kitabı ingilis dilində nəşr olundu
Azərbaycan Dillər Universitetində tarixçi, rəssam Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” və millət vəkili Musa Qasımlının “Erməni məsələsindən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920)” adlı ingilis dilində nəşr olunmuş kitabların təqdimatı keçirilib.
APA TV-nin xəbərinə görə, millət vəkilləri, universitet rektorları və professorların iştirak etdiyi tədbirdə ADU-nun dosenti Fialə Abdullayeva ingilis dilinə tərcümə etdiyi “1905-1906-cı illərdə erməni-müsəlman davası”, Dünya Siyasəti İnstitutunun böyük elmi işçisi Rahil Nəcəfov “Erməni məsələsindən erməni soyqırımına: gerçək tarix axtarışında (1724-1920)” kitabları haqqında məlumat veriblər.
Aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin ildönümünün qeyd ediləcəyi, ermənilərin isə qondarma “soyqırım”ın 100 illiyi ilə bağlı tədbir keçirəcəyini xatırladan millət vəkili Sahib Alıyev uydurma “soyqırım”la bağlı 3 min kitab nəşr olunduğunu deyib.
Tədbirin bədii hissəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanovun hazırladığı “Çanaqqala 100: Qardaş köməyi” sənədli filminin və “Çanaqqala Türküsü” klipinin təqdimatı keçirilib. Təqdimat mərasimində müğənni Sevda Ələkbərzadə “Çanaqqala” türküsünü ifa edib.
Film Çanaqqala savaşlarında həlak olmuş türk əsgərləri və azərbaycanlı könüllülərin xatirəsinə həsr olunub. Layihə “ASAN Xidmət” könüllülərinin sifarişi ilə hazırlanıb.