YAP-ın təşkilatçılığı ilə qondarma “erməni soyqırımı”nın ifşasına həsr olunmuş konfrans keçirilib

Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Uydurma “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfrans keçirilib.

 

APA TV-nin məlumatına görə tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, əsl soyqırım ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib:

 

"Hazırda qondarma “erməni soyqırımı”nın faş olunması istiqamətində Azərbaycan və Türkiyənin elm adamları birgə fəaliyyət göstərirlər. Ermənilər 100 ildir ki, dünyaya tarixdə olmayan “soyqırım”la bağlı yalan, uydurma söyləyirlər. Əslində ermənilər müxtəlif dövrlərdə azərbaycanlılara qarşı soyqırım törədiblər. 100 il əvvələ qayıtmaq əvəzinə, yaxın tarixə - Xocalıda, Qarabağda törədilən soyqırıma diqqət etmək lazımdır. Çünki bu, hazırkı nəslin, bizim şahidliyimizlə baş verib. Ancaq çox təəssüf ki, ermənilər tarixdən ibrət dərsi götürmürlər”.

 

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun aparıcı elmi əməkdaşı Vasif Qafarov nəzərə çatdırıb ki, ermənilər indiyədək soyqırıma məruz qaldıqlarını sübut edəcək faktlar ortaya qoymayıblar:

 

“Həmin dövrdə fəaliyyət göstərən Fövqəladə Təhqiqat Komissiyasının məlumatlarına əsasən, təkcə 3 gün ərzində 12 min insan qətlə yetirilib. Bakıda başlanan bu qırğın Azərbaycanın demək olar ki, bütün bölgələrini əhatə edib. Şamaxı qəzasında 110 kəndin 105-i dağıdılıb. Birinci Dünya müharibəsi illərində ermənilərin soyqırımına məruz qalan bölgələrdən biri də Naxçıvan Muxtar Respublikasının ərazisi, Şərur, Sədərək qəzaları olub. Burada təxminən 18 min insan qətlə yetirilib. ”.

 

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun bəyan edib ki, hər il ortaq türk tarixinə qarayaxmaların şahidi oluruq:

 

“Biz Çanaqqala savaşında Qərb dövlətlərinin torpaqlarımıza hücumuna baxmayaraq, dünyaya bir barış mesajı göndərməyə çalışırıq. Tarixdən düşmənçilik dərsi götürmürük. Bu gün 1915-ci il hadisələrinin ildönümü tədbirləri Türkiyəyə qarşı meydan oxunması kimi anlaşıla bilər. Ancaq əslində bu gün Türkiyə bu iddiaların yalan olduğu barədə dünyaya meydan oxumaqdadır. Avropa Parlamentinin “soyqırım”la bağlı qərarına baxdıqda, tarixi siyasətə çevirmək üçün ermənilərdən bir alət kimi istifadə etdikləri görünür”.

 

YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, erməni yalanlarını beynəlxalq qurumlar qarşısında qaldırmaq və sübuta yetirmək lazımdır.

 

Milli Məclisin sədr müavini Bahar Muradova bu gün qondarma “soyqırım”ı tanıyanların vaxtilə Osmanlı dövlətini işğal etmək istəyənlər olduğunu söyləyib:

 

Etiraf edək ki, ermənilərin qondarma “soyqırım”ının tanınması ilə bağlı prosesin qarşısını ala bilmirik. Bu proses başlanıb və davam edir. Buna görə də bizim sakit dayanmağa haqqımız yoxdur. Birlikdə bu işin qarşısını almalıyıq”.

 

Tədbirdə ermənilərin 100 il əvvəl onlara qarşı “soyqırımı”nın törədildiyi barədə iddialarının əsassızlığı, əsrin əvvəllərində ermənilərin Bakı, Şamaxı və Qubada türk-müsəlman xalqlarına qarşı törətdiyi qırğınlar, o cümlədən Xocalı soyqırımı ilə bağlı rəsmi sənədlər təqdim olunub.

Müəllif | Apa.Tv
Apa.tv