Londonda akademik Ramiz Mehdiyevin kitabının təqdimatı olub
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının ingilis dilində nəşrinin Londonda təqdimatı olub.
APA TV-nin "AzərTAc"a istinadən xəbərinə görə, tədbirdə yerli və xarici elm adamları, ictimaiyyət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, o cümlədən Rusiyanın Böyük Britaniyadakı səfiri Aleksandır Yakovenko iştirak ediblər.
Britaniyada fəaliyyət göstərən Beynəlxalq Hüquq Təşkilatının həmsədri Kamran Balayev kitabın elmi və siyasi əhəmiyyətindən danışıb.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə kitab haqqında geniş məlumat verib. Bildirib ki, əsərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixi, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri araşdırılıb.
Nəşrin böyük elmi dəyərə malik olduğunu diqqətə çatdıran səfir kitabın Qafqaz bölgəsində baş verən hadisələr, ölkələrin bir-biriləri ilə münasibətləri və doğma torpaqlarımıza qarşı təcavüz haqqında maraqlı faktları əhatə etdiyini bildirib.
Kitabın müəllifi akademik Ramiz Mehdiyev haqqında məlumat verən T.Tağızadə onun həm tanınmış dövlət, həm də elm adamı olduğunu diqqətə çatdıraraq, nəşrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm siyasi, həm də elmi nöqteyi-nəzərdən ətraflı təhlillər aparıldığını vurğulayıb.