MTN əməliyyat keçirdi: 9 nəfər tutuldu

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycana ümumilikdə 32 kiloqram 800 qramdan artıq narkotik vasitənin daşınmasının qarşısı alınıb, bu hüquqazidd əməllərin törədilməsinə görə 9 nəfər şübhəli şəxs qismində tutulub.

 

MTN İctimai Əlaqələr İdarəsindən APA TV-yə verilən məlumata görə, “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı - Abbasov Qabil Bəhram oğlu saxlanılıb. Keçirilmiş baxış zamanı onun idarə etdiyi avtomobilin yük yerindən 220 qram heroin, 1 kiloqram 700 qram tiryək, 4 kiloqram 337 qram həşiş qətranı və 7 kiloqram 300 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

 

Digər əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Ağayev Əlikram Məmməd oğlu, Əhmədov Tahir Xasay oğlu, Nuriyev Umud Hidayət oğlu saxlanılıb. Baxış zamanı onlardan 9 kiloqram 900 qrama yaxın tiryək aşkarlanıb. Müəyyən edilib ki, Əlikram Ağayev, Tahir Əhmədov, Umud Nuriyev və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik vasitəni İran İslam Respublikası istiqamətindən qaçaq yolla Azərbaycan Respublikasının Cəlilabad rayonunun Məlikqasımlı kəndinin ərazisinə gətiriblər.

 

MTN-in daha bir əməliyyat-axtarış tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Əsədov Etibar Nazağa oğlu, Həsənov Toğrul Sübhəddin oğlu, Əliyev Anar Allahverdi oğlu və Nəcəfov Anar Himayət oğlu saxlanılıb. Keçirilən baxış nəticəsində onlardan 4 kiloqrama yaxın tiryək və 3 kiloqram 860 qram qurudulmuş marixuana götürülüb.

 

Növbəti əməliyyat-axtarış tədbiri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotiklərin daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı - Məlikov Vurğun Nazim oğlu saxlanılıb, ondan 1 kiloqram 500 qramdan artıq tiryək aşkarlanıb.

 

Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən cinayət işləri başlanıb. Adı çəkilən şəxslər barəsində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. 

Müəllif | Apa.Tv
Apa.tv