Avropa Oyunlarına 50 gün qaldı
Nəhayət, Bakı 2015 Birinci Avropa Oyunlarının keçirilməsinə 50 gün qaldı. İyunun 12-də başlayacaq Oyunlara artıq son hazırlıqlar gedir. Paytaxtın mərkəzində bu münasibətlə möhtəşəm şou tədbiri keçirilib.
Tədbirdə BAOƏK-nin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Rəssamlıq Akademiyasının rəsmisi Azad Zeynalov, "Bakı 2015"-in ulduz elçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə I Avropa Oyunlarının simvolları olan Ceyran və Nar heykəlləri Avropadan gələn 4 məşhur əcnəbi rəssam və 2 yerli rəssam və tələbələr tərəfindən müxtəlif rənglərə boyanacaq. Eyni zamanda həmin heykəllər 50 gün ərzində şəhərin müxtəlif yerlərində nümayiş olunacaq.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib ki, Azərbaycan sakinləri və bura gələn əcnəbi vətəndaşlar üçün bu heykəllərə baxmaq və onlardan zövq almaq maraqlı olacaq: "Avropaya yayımlanacaq bu həyəcan gözlədiyimizdən daha çox tamaşaçı və azarkeş toplayıb".
Qeyd edək ki, nümayiş olunan 8 əsər gələcəkdə auksiona çıxarılacaq və buradan götürüləcək vəsait UNİCEF-in xətti ilə kimsəsiz uşaqlara və imkansız ailələrə veriləcək.
Əgər Fransa, İtaliya, Almaniya və Latviyadan olan tanınmış rəssamlar boyadıqları heykəllərdə Avropanın simvollarını əks etdiriblərsə, yerli rəssamlar heykəlləri Azərbaycan milli ornamentləri ilə bəzəyiblər.
İtaliyalı rəssam Albert Loro burada çəkdiyi rəsm əsərində Azərbaycan-İtaliya birliyini əks etdirən elementlər nümayiş etdirəcək: "Xüsusi olaraq Narın simasında bir təbəssüm çəkirəm. İtalyanların bir fikri var ki, "sizin həyat", yəni qəmsiz, rahat, sevgi dolu həyatın təbəssümü. Mən çalışıb bu təbəssümü insanlara izah edəcəyəm".
Azərbaycanlı rəssam Fidan Novruzova heykəlin üstündə "gecə əfsanəsi" çəkib: "Əslində bu, Nizami Gəncəvinin Leyli və Məcnun əsərindən götürülüb. Burada Leyli bir əjdahanın üzərində gecə Bakısının üzərindən uçur. O işıqlı Bakı, dillər əzbəri olan Bakı bu əsərdə əks olunub".
BAOƏK-nin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə hesab edir ki, cəmi 50 gündən sonra reallaşacaq I Avropa Oyunlarından hər məmnun qalacaq: "Bu gün biz yarışların açılışına 50 gün qalmasını qeyd edirik. Düşünürəm ki, bu oyunlar Azərbaycanı dünyaya tanıdacaq. Bu fürsəti Azərbaycan yetərincə yüksək səviyyədə dəyərləndirir. Təbii ki, prezident İlham Əliyevin uzaqgörənliyi, onun mövqeyi olmasaydı, bu işlər mümkünsüz olardı".
Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, 4-ü isə qeyri-Olimpiya idman növləri olacaq.