Ərdoğan: "Vətəndaşımız olan 40 min ermənidən soruşun: sizə zülm edən varmı?"
"40 min vətəndaşımız olan ermənilərdən diaspora soruşsun: sizə zülm edən varmı?" APA TV-nin məlumatına görə, bu sözləri İstanbulda keçirilən Sülh Zirvəsindəki çıxışında Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
“Erməni soyqırımı”na toxunan prezident Ərdoğan 1914-15-ci illərdə müxtəlif ölkələrin təhriki ilə hərəkət edən erməni hərbi birləşmələrinin Anadoluda müdafiəsiz xalqa hücum etdiklərini qeyd edib.
Ərdoğan Avropa Parlamentində qəbul edilən “erməni soyqırımı”na dair qətnamə ilə bağlı Avropa İttifaqına müraciət etdiyini bildirib.
Prezident qeyd edib ki, hazırda Türkiyədə yaşayan 80 min erməninin yarısı ölkə vətəndaşıdır, yarısı isə Ermənistandan gəlib: "Biz onları evlərinə göndərmədik. Mənim baş nazir olduğum dövrdə Akdamardakı erməni kilsəsini büdcənin pulu ilə biz açdıq. Hər il dünyanın hər yerindən gələn ermənilər orada ibadət edirlər. Ölkəmizə yönəlmiş hücumlar pis niyyətlidir və onları qəbul etmirik. Biz 100 il qabaq Qafqazda, Orta Şərqdə və Balkanlarda həyatını itirən 4 milyon müsəlman üçün nə qədər üzüntülüyüksə, o vaxt ölmüş ermənilər üçün də üzüntülüyük. I Dünya savaşında ölən 30 milyon insan içindən sadəcə erməniləri önə çıxararaq bizə qarşı düşmənlik yaratma cəhdlərini qəbul edə bilmərik".