Ramzan Kadırov: "Vəzifədən getməyə hazıram"

Çeçenistan lideri Ramzan Kadırov siyasi postu ilə bağlı maraqlı açıqlamalar verib. APA TV-nin RİA Novosti-yə istinadən xəbərinə görə, Kadırov lazım olarsa, vəzifədən getməyə hazır olduğunu bəyan edib.

 

Eyni zamanda Ramzan Kadırov bəzi qüvvələrin onu Rusiya prezidenti Vladimir Putinə qarşı qoymaq cəhdlərinə güldüyünü bildirib: “Mən ali baş komandanın silahdaşıyam. Mənə nə əmr verərlərsə, onu 100 faizlik yerinə yetirəcəyəm. Hər an getmək lazım olsa, gedərəm, ölmək - buna da hazıram. Buna görə də Kadırovu prezidentə qarşı qoymaq sadəcə gülməlidir. O, bizim komandanımızdır”.

 

Qeyd edək ki, Kadırov başqa bir xəbərlə də gündəmə gəlib. O, Çeçenistan liderinin razılığı olmadan respublika ərazisində əməliyyat keçirən digər regionların təhlükəsizlik qüvvələrini yerindəcə güllələməyi əmr edib. Kadırovun belə bir bəyanatla çıxış etməsinə səbəb isə aprelin 19-da Qroznıda Cambulat Dadayev adlı çeçenin Stavropoldan olan polis tərəfindən öldürülməsi olub.

 

Rusiya Daxili İşlər Nazirliyindən isə bildirilib ki, bu cür açıqlama Çeçenistan rəhbəri üçün yolverilməzdir.

 

Müəllif | Apa.Tv
Apa.tv