"Suriya Azadlıq Ordusu" İsrailin müstəqillik gününü təbrik edib
"Suriya Azadlıq Ordusu"nun komandanlığı İsrailin müstəqilliyinin 67-ci ildönümünü ilə bağlı Təl-Əvivə təbrik ünvanlayıb. APA TV-nin məlumatına görə, bu barədə İsrailin "The Jerusalem Post" qəzeti yazıb.
Təbrik teleqramında silahlı qruplaşmanın gələn ilin bu gününün Suriya paytaxtında İsrail rəsmiləri ilə birgə keçirmək arzusu qeyd olunub. "Suriya Azadlıq Ordusu"nun bütün üzvləri İsrail dövlətinin müstəqillik gününü təbrik edir, böyük yəhudi xalqı ilə bir yerdə olduğunu bəyan edir" - deyə teleqramda bildirilir.
Musa Əhməd Nəbhani adlı şəxsin imzası ilə ünvanlanan teleqramda qeyd olunur ki, İranın dəstək verdiyi Suriyanın hazırkı hakimiyyətinin devrilməsindən sonra İsraillə əməkdaşlıq ən yüksək səviyyədə olacaq: "Biz İsrail dövlətinə verdiyi dəstəyə görə minnətdarıq. Suriya inqilabçıları və xalqı bunu heç vaxt unutmayacaq".
"Suriya azadlıq ordusu"nda daxili məsələlərə cavabdehlik daşıyan Nəbhaninin teleqramı kimə ünvanladığı da açıqlanıb. Həmin şəxs "İsrail uğrunda Druz icması" forumunun sədri Mendi Sefedidir. Sefedinin bundan əvvəl Suriyada hakimiyyətə və radikal qruplaşmalara qarşı döyüşən müxalifət silahlıları ilə bir neçə dəfə görüşdüyü və bu qüvvələrlə İsrail arasında yaxın münasibət qurmaq üçün çalışdığı məlumdur.