Bank müdirinin qətlində şübhəli bilinən daha bir nəfər tutuldu - VİDEO

“Avropa” otelində baş verən ölüm hadisəsini törətməkdə təqsirləndirilən 1987 -ci il təvəllüdlü Sənan Quliyevdən başqa daha bir şəxs məsuliyyətə cəlb edilib.

 

Mövlud Səfərov adlı şəxs barəsində Bakı Şəhər Prokurorluğunda xuliqanlıq maddəsinin üç bəndi üzrə cinayət işi başlanıb. İstintaq hələlik təqsirləndirilən şəxsin mətbuat tərəfindən dindirilməsini məqbul saymır. Toplanmış materiallar isə Nəsimi Rayon prokurorluğundan alınaraq Bakı Şəhər Prokurorluğuna verilib.

 

APA TV-nın əldə etdiyi məlumata görə, qətl hadisəsi hotelin idman zalının soyunub-geyinmə otağının qarşısında baş verib. Tərəflərin ilkin izahatlarından məlum olub ki, təqsirləndirilən Sənan Quliyevlə Mövlud Səfərov hotelin idman zalında məşq etmək üçün rüsum ödəyiblər. Onların tatamiyə idman ayaqqabısı ilə çıxması orada işləyən qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevin etirazına səbəb olub. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Məşqçinin tələbələri, o cümlədən “Zaminbank”ın Nəsimi filialının sədri Azər Məmmədov da mübahisəyə müdaxilə edib və əlbəyaxa dava başlayıb. Bu zaman Sənan Quliyev üzərində gəzdirdiyi bıçaqla Ruslan və Azərə xəsarət yetirib.  Xəsarət döş qəfəsinə nüfuz etdiyindən, Azər Məmmədov hadisə yerində ölüb, Ruslan Əfəndiyev isə yaralanıb.

 

Vəkil Cavid Rzazadə APA TV-yə bildirib ki, təqsirləndirilən şəxslər polisə könüllü təslim olublar.

Müəllif | Apa.Tv