Avropa Oyunları zamanı kimlər buraxılış vəsiqəsi alacaq? - RƏSMİ AÇIQLAMA

“Bakı-2015” Avropa Oyunları zamanı paytaxtda xüsusi parklanma qaydaları açıqlanıb.

 

Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı şöbəsinin müdiri Xalid Ələkbərovun APA TV-yə verdiyi məlumata görə, mayın 30-dan etibarən yarışın keçirildiyi müddətdə idman obyektlərinin ətrafında yaşayan sakinlər üçün xüsusi buraxılış vəsiqələri veriləcək:  “Buraxılış vəsiqələri yalnız idman tədbirləri keçirilən ərazilərdə yaşayan vətəndaşlara aiddir. Əgər vətəndaş öz nəqliyyat vasitəsi ilə həmin ərazidən keçirsə (dayanmadan), sərbəst hərəkət edə bilər. Həmin ərazilərdə yaşayan sakinlər nəqliyyat vasitələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş qaydada, yəni müvafiq küçə və prospektlərdə ayrılmış park zolaqları boyu saxlaya bilərlər".

 

"Burada əsas məqsədin sürücülərin müəyyən olunan qaydalar çərçivəsində park edilməsinə nail olmaqdır" - deyən icra hakimiyyəti rəsmisi onu da bildirib ki, kim bu qaydalara riayət etməyəcəksə, həmin sürücülərin avtomobilləri evakuatorlar vasitəsilə təxliyə olunacaq. İcazə olunmayan yerlərdə avtomobilləri park etmək qəti qadağandır.

 

Eyni zamanda əgər bir sakinə bir stadionun ətrafında öz maşınını park etmək icazəsi verilsə, o isə başqa bir stadionun ətrafında park etsə, o zaman həmin şəxs qaydanı pozmuş hesab olunacaq və avtomobili evakuator vasitəsilə ərazidən uzaqlaşdırılaraq cərimə olunacaq.

 

Sakinlərinin buraxılış vəsiqələrini haradan almasına gəlincə, Xalid Ələkbərov deyib ki, vətəndaşlar müvafiq sənədləri təqdim etməklə icazə sənədini yaşadığı ərazi üzrə Mənzil-İstismar Sahələrindən əldə bilərlər: “Vəsiqələr may ayının 15-dən sonra veriləcək. Vəsiqələr avtomobillərin alın şüşəsinə yapışdırılacaq. Vəsiqə itdikdə, yararsız hala düşdükdə, yenisi ilə əvəz olunmur”.

 

Xalid Ələkbərov əlavə edib ki, həmin ərazilərdə yerləşən dövlət qurumları və şirkətlərdə çalışan şəxslərə buraxılış vəsiqələri verilməyəcək: “Əgər həmin qurum və şirkətlərin parkinq ərazisi varsa, ondan istifadə edə bilərlər. Əgər yoxdursa, tövsiyə edirik ki, ictimai nəqliyyatdan istifadə etsinlər”.

 

Şöbə müdiri deyib ki, Bakıdakı bütün avtomobil yolları əvvəlki qaydada işləyəcək, heç bir küçə və prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmayacaq. Bununla yanaşı, ictimai nəqliyyat da əvvəlki rejimdə işləyəcək.

Müəllif | Apa.Tv