Rusiyanın Surqut şəhərində azərbaycanlı "ət kralı"nın meyiti tapıldı

Rusiyada azərbaycanlı iş adamı Barat Əkbərovun meyiti tapılıb.

 

APA-nın “K-İnform”a istinadən verdiyi məlumata görə, bu ilin yanvarın 16-da itkin düşmüş Barat Əkbərovun axtarışı yekunlaşıb. İşim şəhəri yaxınlığında tapılan meyiti Barat Əkbərovun qohumları tanıyıblar.

 

Hazırda ekspertlər ölümün səbəblərini müəyyənləşdirməyə çalışırlar. Əgər biznesmenin qətlə yetirildiyi məlum olsa, Surqut prokurorluğunun müstəntiqləri cinayət işini İşimdəki həmkarlarına təhvil verəcəklər.

 

Xatırladaq ki, Barat Əkbərovun oğlu yanvarın 17-də Surqut polisinə müraciət edib. O bildirib ki, atası yanvarın 16-da saat 22.00 radələrində qohumlarına zəng edib və öz avtomobili ilə evə qayıtdığını deyib. Bundan sonra o, heç kimlə əlaqə saxlamayıb. Yoxa çıxmış şəxsin “Toyota Land Cruiser 200” markalı avtomobili yaşadığı evin yaxınlığında tapılıb. Bir neçə nəfər ona hücum edərək naməlum istiqamətdə aparıblar. Hadisə yerində Barat Əkbərovun üzərində qan izləri olan papağı tapılıb. Barat Əkbərov ət məhsullarının satışı ilə məşğul olub.

Müəllif | Apa.Tv
Apa.tv