Səfir: “Türkiyəyə soyqırım kimi ağır ittiham irəli sürmək qəbuledilməzdir”
“Ermənistan prezidenti Sarkisyan bu gün mediaya verdiyi açıqlamada “ola bilər, türklər də 1915-ci ildə Anadolunun 2-3 kəndindən köçmək məcburiyyətində qalıblar” ifadəsini işlədib. Əslində bu ifadə elə Ermənistanın özünün, ayrı-ayrı çevrələrin Türkiyəyə qarşı irəli sürdükləri ittihamları inkar edir. Çünki o vaxt türklərin, kürdlərin, müsəlmanların qətlə yetirildiyi kəndlərin sayı 3 deyildi”.
APA TV-nin xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun belə deyib. Səfir bildirib ki, Türkiyə 1915-ci ildə baş vermiş iztirabları rədd etmək və ya müqayisə etmək fikrindən uzaqdır: “O vaxt, türklər də, kürdlər də, ermənilər də əzab çəkib. Amma bunlardan birinə xüsusi diqqət göstərmək doğru deyil. Rəqəmlərlə müqayisələr aparmaq, kimin kədəri daha böyükdür, kimin kədəri daha az - belə müqayisələr nə vicdana, nə də əxlaqa sığmaz. Biz ermənilərin törətdikləri qırğınları da, Osmanlının verdiyi qərarları da vicdanlı şəkildə araşdırmağa hazırıq. Türkiyəyə soyqırım kimi çox ağır bir ittihamı irəli sürmək qəbuledilməzdir. Biz bunu rədd edirik. Biz doğru bildiyimizi, ölkəmizə yaraşanı obyektiv şəkildə araşdırmağa hazırıq. Türkiyəyə, onun tarixinə ləkə sürmək istəyənlərin qarşısında da bu fikirlərimizi deyəcəyik. Azərbaycanla, türk dünyası ilə, tarixə obyektiv şəkildə sahib çıxmaq istəyənlərlə birlikdə bunu edəcəyik. Bu iddiaların siyasi gündəmə gətirilməsi və Ermənistan dövlətinin Türkiyə tarixinə ləkə atmasının heç bir əsası olmadığı aydındır".
Diplomat I Dünya Müharibəsi dövründə Osmanlı imperiyasında yaşanmış acı hadisələrdə həyatını itirənlərə başsağlığı diləyən Türkiyə rəsmilərinin heç vaxt o savaşlar üzərinə kin-nifrət toxumu səpmədiyini, kin-küdurət ədəbiyyatı yaratmadığını vurğulayıb: "Bununla bağlı müxtəlif fikirlər səsləndirilməsinə baxmayaraq, biz sadəcə beynəlxalq ictimaiyyətə və Ermənistana başa salmağa çalışırıq ki, o dövrdə zərərçəkən təkcə ermənilər olmayıb. Ermənistan bu məsələyə həddən artıq doqmatik və birtərəfli yanaşmanı müdafiə edir. 24 aprel tarixinin ermənilər tərəfindən əbədiləşdirilməsi öz hissiyyatlarını hər şeydən üstün tutduqlarını bir daha ifadə edir. Türkiyə rəsmilərinin baş vermiş hadisələrə baxışı və işlətdiyi ifadələr isə səmimi və vicdani yanaşmadan başqa bir şey deyil".