Elman Mehdiyev Gəncədə qəbul keçirib
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Gəncədə dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün növbəti qəbul keçirib.
APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, qəbula Gəncə şəhəri ilə yanaşı, Samux, Göygöl, Daşkəsən sakinləri və Kəlbəcər rayonundan olan məcburi köçkünlər də qatılıblar.
Ümumilikdə 30-dək vətəndaşın müraciətləri dinlənilib. Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Elman Mehdiyev müavinətlərin hesablanması və bu sahədə sığorta prinsiplərinin gücləndirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Qəbul zamanı bütün müraciətlər operativ şəkildə araşdırılıb, məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib.
DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri müvafiq orqanlara ünvanlanacağını bildirilib.