Selman Arslanbaş: “Ən məşhur 500 universitet arasında olmaq istəyirik”
İstanbul Aydın Universitetinin direktor müavini Selman Arslanbaşın APA TV-yə müsahibəsi
- Bakıda mütəmadi olaraq Türkiyə Universitetlərinin geniş sərgisi təşkil olunur. Bu sərgini necə dəyərləndirirsiniz?
- Öncə deyim ki, Azərbaycanda olmaqdan məmnunluq hissi keçirirəm. Keçmişdən bu günə qədər mövcud olan əlaqələrimizin daha da möhkəmləndirilməsi, sosial, mədəniyyət, digər əlaqələrimizi gücləndirmək üçün, bizə qucaq açdığı üçün Azərbaycana və azərbaycanlı tələbələrə təşəkkür edirik. Sərgidə xaricdə təhsil almaq istəyən tələbələr üçün fürsətləri, qazana biləcəkləri təcrübələri paylaşdıq. Maraq çox yüksək oldu. Bundan çox məmnun olduq. Özəlliklə, son illərdə ali təhsildə yaşanan tələbə axınına, dünya təcrübəsinə baxsaq, Amerikanın 5-ci böyük iqtisadiyyatı təhsildir. Xaricə göndərilən tələbələrin, oxuduqları universitetin yerləşdiyi ölkədə təcrübə keçən tələbələrin sayını nəzərə alsaq, 6 milyondan çox tələbə var. Biz də bu cür dəyişiklikləri Türkiyədən Azərbaycana, eləcə də Azərbaycandan Türkiyəyə aparmaq məqsədi ilə təhsil sərgisinə qatıldıq. İstanbul Aydın Universiteti olaraq Azərbaycana tez-tez gəlirik.
- Çalışdığınız İstanbul Aydın Universitetinin Türkiyənin ali məktəblərindən digər özəllikləri nədir?
- İstanbul Aydın Universiteti son 7 ildə Türkiyənin ən çox müraciət edilən universitetidir. 2003-cü ildə qurulan bu universitet bu gün bölgənin lider universitetinə çevrilib. 32 min tələbəsi olan universitetin 2500-dən çoxu 97 fərqli ölkədən olan tələbələrdir. “Mən Türkiyədə təhsil almaq istəyirəm" deyərək İstanbul Aydın Universitetini seçmiş 2500 tələbəyə ev sahibliyi edirik. Türkiyə Cümhuriyyəti 4-5 il öncə ali təhsildə yeni bir quruluşa keçdi. 5 böyük hədəf arasında beynəlxalq münasibətləri də qoydu. Bu gün Türkiyədə 60 min xarici tələbə oxuyur. Digər dünya dövlətləri ilə - Cənubi Koreya, Malayziya kimi ölkələrlə müqayisə etsək Türkiyədəki say çox azdır. Biz istəyirik ki, tələbə dəyişiklikdən faydalansın. Tələbələr fərqli bir iqlimdə, coğrafiyada o imkanlardan yararlansın. Universitetimizdə 10 fakültə üzrə 100-ə yaxın proqram var. Bundan başqa, biz istəyirik ki, azərbaycanlı tələbələr öz fikirlərini söyləməkdə sərbəst olsunlar. İctimai işlərə qatılsınlar. Bir sözlə, Azərbaycan və Türkiyənin adının tanıdılması üçün çalışsınlar. Universitetlərarası tədbirlər, xarici ölkələrdə təşkil edilən beynəlxalq konfranslar da bunun üçündür. Azərbaycandan 20-yə yaxın professor, dosent bizdə dərs deyir. Bizim ən böyük üstünlüklərimizdən biri tələbələri burada işlə təmin etməkdir. Onlara öncə təcrübə keçməklə başlayıb, daha sonra isə işçi kimi çalışmaq fürsəti yaradılır. Bu məqsədlə Türkiyədə ilk dəfə olaraq beynəlxalq tələbə dekanlığı var. Bizim Azərbaycan üzrə əlaqələndiricimiz elə azərbaycanlıdır. O, özü Azərbaycanda böyüyüb, çalışıb.
- İstanbul Aydın Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayı nə qədərdir?
- Azərbaycanlı tələbələrin Türkiyəyə oxumağa gəldiyi zaman seçdiyi ən məşhur universitetlərdən biri İstanbul Aydın Universitetidir. 300-ə yaxın azərbaycanlı tələbəmiz var. Bu gün Azərbaycanda tanınmış akademik karyera, mətbuat, maliyyə, neft sahəsində çalışan tələbələrimiz var. Biz bununla qürur duyuruq.
- Universitetinizin verdiyi diplomlar hansı səviyyədə tanınır?
- İstanbul Aydın Universitetinin Avropa Birliyinin tətbiq etdiyi ortaq kredit sisteminə uyğun çalışır. Bu universitet həmin prosesləri uğurla tamamlayaraq, bu etiketləri almış universitetdir. İstanbul Aydın Universitetinin diplomları Avropa Birliyi standartlarındadır. Tələbələr İstanbul Aydın Universitetindən almış diplomla dünyanın hər hansı bir yerində o etiketi göstərərək təhsilinə davam edə bilər. Bir çox xarici proqramlardan yararlanaraq xarici ölkələrdə təhsil ala bilər.
- Burada tələbələr hansı ixtisaslara yiyələnə bilirlər?
- Universitetimizdə xarici tələbələrin də müraciət etdiyi bölmələr arasında iqtisadiyyat, beynəlxalq əlaqələr, diş həkimliyi, hüquq, psixologiya, memarlıq, inşaat mühəndisliyindən kompüter mühəndisliyinə qədər hər şey var. Əslində universitetimizdə olmayan fakültələri saysam, daha uyğun olar. Yalnız tibb fakültəmiz yoxdur. Qarşıdakı illərdə bu da olacaq. Bir sözlə, aktyorluqdan moda fakültəsi, zərgərlikdən turizmə qədər, iqtisadiyyatdan siyasi bilgilərə qədər hər sahədə o proqramı tələbə üçün açırıq. Buradan bir müjdə də vermək istəyirəm. Azərbaycana özəl olaraq, uzaqdan magistr təhsil proqramı həyata keçirəcəyik. Tələbələrin gedib-gəlməsinə vaxt itirməməsi üçün azərbaycanlı tələbələrimizə o imkanı yaratmaq istəyirik. Tamamilə, online formada, evdə oturmaqla dərslərdə iştirak edəcəklər. Buradakı universitetlərdən biri ilə razılıq əldə edərək, onların laboratoriyasında imtahanlarda iştirak edəcəklər. Yalnız diplomu almaq üçün Türkiyəyə gedəcəklər.
- Hamımız Türkiyənin təhsil sisteminin sürətli inkişaf etməsinin şahidi oluruq. İstanbul Aydın Universiteti gələcəkdə təhsil sahəsində hansı yeniliklərə imza atmağı planlaşdırır?
- Türkiyə son 5-6 ildə təhsilə böyük sərmayə qoydu. Universitetlərin sayı artdı, dövlət dəstəyi gücləndi. Bunun nəticəsində dünyanın məşhur reytinq şirkətləri Türkiyəni dünya ali təhsil sisteminə birinci dərəcəli təsir edən ölkə seçdi. Türkiyə Çindən qabağa keçdi. Biz 2020-ci ilə kimi dünyanın sayılıb seçilən 500 universiteti arasında daxil olmaq məqsədi qoymuşuq. Biz bu hədəfə çatmaq üçün çalışırıq. Elmi, akademik nəşrlərə önəm veririk. Gələn il tibb fakültəmiz açılacaq. Hazırda diş fakültəsi fəaliyyətdədir. Biz bütün bölmələrimizdə ingiliscə təhsilə, məqalələrə, elmi işlərə üstünlük verilir.