İtaliya polisi bin Ladenin mühafizəçilərini həbs etdi
İtaliya polisi Sardiniya yarımadasında ölkəyə Pakistan və Əfqanıstandan gələn miqrantlardan 18 nəfərinin terrorçu olduğunu müəyyənləşdirib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, onların hamısı həbs olunub. Saxlanılanların "Əl-Qaida"nın üzvləri olduğu bildirilir. Onlardan saxta sənədlər götürülüb. O da dəqiqləşdirilib ki, bu şəxslər özlərindən sonra Avropaya gələcək terrorçuların müxtəlif ərazilərdə yerləşdirilməsini təmin etmək üçün təlimatlandırılıblar. Bu fakt İtaliya polisini gücləndirilmiş iş rejiminə keçməyə məcbur edib. Araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, tutulanlar arasında 2009-cu ildə Pakistanın Pişəvər şəhərində 100 nəfərin ölümü ilə nəticələnən terror aktını törədənlər də var. Həmin şəxslərin "Əl-Qaida"nın keçmiş lideri Üsama bin Ladenin yaxın ətrafı olduqları deyilir. Onlardan ikisinin bin Ladenin şəxsi mühafizəçiləri olduğu təsdiqini tapıb.