Peskov: “Türkiyə Rusiyanın mühüm strateji tərəfdaşıdır”
Türkiyənin Xarici İşlər Nazirliyi Rusiya prezidentinin 1915-ci il hadisələrini "soyqırımı" adlandırmasını pisləyib. APA TV-nin məlumatına görə, Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov məsələyə münasibət bildirib: "Biz Rusiyanın dövlət başçısının İrəvanda matəm tədbirlərinə qatılmasını Ankaraya qarşı yönəldilmiş neqativ məqsəd kimi dəyərləndirmirik". Peskov daha sonra əlavə edib ki, Ermənistan Rusiyanın Avrasiya İqtisadi Birliyində mühüm tərəfdaşlarından biridir.
Bundan əlavə Rusiya ərazisində çoxlu erməni yaşayır və Moskva ilə İrəvanı tarixi köklər bağlayır: "Bu təbiidir, Rusiya prezidenti orada bir neçə ölkənin lideri ilə bərabər olub. Vladimir Putinin çıxışını isə diqqətlə dinləmək lazımdır"- deyə Peskov bildirib. O, həmçinin qeyd edib ki, Türkiyə Rusiyanın mühüm strateji tərəfdaşıdır: "Biz hesab edirik ki, bizim əlaqələrimiz bundan sonra daha da genişlənəcək. Moskva Ankara ilə əlaqələri çox yüksək dəyərləndirir". Sitatın sonu.