Bakıda Azərbaycan və Fransa prezidentlərinin görüşü olub
Fransa prezidenti Fransua Olland Azərbaycana işgüzar səfərə gəlib. APA TV-nin “AzərTAc”a istinadən yaydığı məlumata görə, işgüzar səfər çərçivəsində Fransa prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Əlaqələrimizin dinamik inkişaf etdiyi bildirilib. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulanıb. Tərəflərin əlaqələrin daha da genişlənməsində maraqlı olduğu bildirilib, və bunun üçün böyük imkanların mövcudluğu qeyd edilib.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə edib.
Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.
Daha sonra Prezident İlham Əliyevin və Prezident Fransua Ollandın iştirakı ilə “Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu” imzalanıb.
Sənədi Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Fransanın ölkəmizdəki səfiri Paskal Mönye imzalayıblar.
Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu imzalanandan sonra Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Prezidenti Fransua Olland birgə nahar ediblər.
Fransa prezidenti Fransua Ollandın Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.