“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırıldı

“Bakı-2015” İlk Avropa Oyunlarının məşəli yandırılıb.  APA TV-nin xəbərinə görə, tədbir Bakının Suraxanı qəsəbəsindəki “Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğunda təşkil olunub.

 

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak ediblər.

 

Prezident İlham Əliyev çıxışında bildirib ki, Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsini xalqımız böyük sevinclə qarşılayıb.

 

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki xüsusilə vurğulayıb ki, oyunların Azərbaycanda yüksək səviyyədə keçiriləcəyinə tam əmindir.

 

Daha sonra prezident İlham Əliyev “Bakı-2015” İlk Avropa Oyunlarının məşəlini alovlandırıb. Daha sonra dövlət başçısı alovu "Bakı-2015” ilk Avropa Oyunlarının məşəlçisi, olimpiya çempionu Rəfiqə Şabanovaya ötürüb.

 

Qeyd edək ki, məşəl 47 gün ərzində Azərbaycanın hər bir guşəsindən keçirilərək, iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

 

Müəllif | Apa.Tv