FHN Nepalda olan azərbaycanlıların təxliyəsi üçün iş aparır

Nepalda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 2500-ə çatıb, 6000-ə qədər də yaralı var.

 

APA TV-nin məlumatına görə, təbii fəlakət nəticəsində 5 mindən artıq ev tamamilə dağılıb. Zəlzələ nəticəsində 200 mindən çox insan zərər görüb. Rəsmilər ölü sayının 10 mini ötəcəyindən narahatlıqlarını ifadə ediblər. Onlar dəqiq rəqəmin dağıntılar tamamilə aradan qaldırıldıqdan sonra ortaya çıxacağını bildiriblər. Başqa bir narahatlıq isə cəsədlərin küçədə və dağıntılar altında qalması səbəbindən yoluxucu xəstəliklərin yayılma ehtimalıdır.

 

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Nepalda baş vermiş təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyəsi üçün iş aparır. Nazirlikdən APA TV-yə verilən məlumata görə, prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyəsi və humanitar yardımın göndərilməsi istiqamətində işlər aparır.

 

Xatırladaq ki, aprelin 25-də Nepalın paytaxtı Katmandu yaxınlığında 7,9 maqnitudada zəlzələ baş verib. Aprelin 26-sı səhər  saatlarında isə Nepalda 6,7 bal gücündə daha bir zəlzələ olub.

 

Müəllif | Apa.Tv