Masallıda “Xalq və Ordu birdir” devizi ilə tədbir keçirilib

Müdafiə Nazirliyi və Masallı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr olunmuş “Xalq və Ordu birdir” devizi ilə bədii-təşviqat marafonunun növbəti mərasimi keçirilib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Masallıda təşkil olunan tədbirdə çıxış edənlər Böyük Vətən müharibəsi illərində 100 mindən çox rayon sakininin cəbhəyə yollandığını, onlardan 5000 nəfərinin həlak olduğunu qeyd ediblər.

 

Sonra Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən mahnı və rəqs ansamblı, Masallının məşhur “Halay” folklor qrupu, xalq artistləri Zümrüd Məmmədova, Zaur Rzayev və digər ifaçılar hərbi vətənpərvərlik mövzusunda mahnı və rəqslərlə çıxış ediblər.

 

Mərasimdə Böyük Vətən müharibəsinin iştirakçıları Reyxstağa sancılan qələbə bayrağını bugünkü nəslin nümayəndələrinə təqdim ediblər. Çıxışlarda Dağlıq Qarabağ torpaqlarının tezliklə düşmən tapdağından azad ediləcəyi və belə bir möhtəşəm qələbə tədbirinin orada keçiriləcəyi Azərbaycan bayrağının Xankəndində ucaldılacağı əminlik hissi ilə ifadə olunub.

 

Mərasim Qələbə marşı ilə başa çatıb.

 

Müəllif | Apa.Tv