Ağdamda tutulan erməni kəşfiyyatçının məhkəmə istintaqı bitdi
Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilib.
APA-nın qərb bürosunun məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror məhkəmədən vaxt istəyib.
Daha sonra prosesdə cinayət işinə əlavə olunan sənədlərlə tanışlıq olub. Qeyd olunub ki, təqsirləndirilən şəxslə bağlı məhkəmə-tibbi və psixoloji ekspertiza keçirilib. Nəticədə məlum olub ki, Arsen Baqdasaryan Azərbaycana keçəndə onun səhhətində və psixoloji durumunda hər hansı pozğunluq qeydə alınmayıb. Saxlanılan zaman və Azərbaycanda olduğu müddətdə ona qarşı zorakılıq edilməyib. Daxili İşlər Nazirliyindən məhkəməyə təqdim olunan məlumatda onun indiyədək məhkumluq həyatı yaşamadığı qeyd olunub.
O da bildirilib ki, Arsen Baqdasaryanın özü ilə gətirdiyi minalar Ermənistanın Vanadzor şəhərindəki zavodda istehsal olunub.
Proses mayın 4-də davam etdiriləcək. Həmin gün dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyəcək.
Qeyd edək ki, ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Arsen Baqdasaryan ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçmək istəyərkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq-mühafizə orqanlarına təhvil verilib. Hazırda Respublika Hərbi Prokurorluğunda cinayətkar birliyin digər üzvləri barəsində cinayət işi ayrılmaqla, ibtidai istintaq davam etdirilir.