Rusiyada təhlükəli cinayətkar "Paşa Svetomuzıka" həbs edildi
Rusiyanın Krasnoyarsk diyar məhkəməsi bir müddət əvvəl həbs edilmiş təhlükəli kriminal avtoritet "Paşa Svetomuzıka" ləqəbli Vilori Struqanova hökm oxuyub.
APA TV-nin "İnterfaks"a istinadən verdiyi məlumata görə, onunla bir yerdə Avşarov və Yelovski familiyalı şəxslər də azadlıqdan məhrum ediliblər. Struqanov 9, Avşarov 8, Yelovski isə 10 il həbs cəzası alıblar.
Avşarovun Qafqaz millətlərinin nümayəndəsi olduğu bildirilir. Onlar ağır cinayətlərin təşkilində və həyata keçirilməsində təqsirləndirilirlər. Onlar oğurluq, qətl, hədə-qorxu yolu ilə pul tələb etmə, qanunsuz silah və narkotik gəzdirmə və istifadədə və s. cinayətlərdə təqsirli biliniblər. Dövlət ittihamçısı onlara müvafiq olaraq 25, 17 və 15 il ağır cəza istəsə də, sonradan onlara verilən cəza yüngülləşdirilib. "Paşa Svetomuzıka" ləqəbli 52 yaşlı kriminal avtoritet 1994-1998-ci illərdə Krasnoyarskda 5 nəfərin ölümündə şübhəli bilinsə də məhkəmə bunu sübut edə bilməyib. Onların kriminal aləmdə bir neçə rəqibi də aradan götürdükləri deyilir.
Paşa Struqanovun 2000-ci ildə Moskvanın mərkəzində güllələnərək öldürülməsi barədə də bir müddət xəbərlər dolaşıb. Onun hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən qətlə yetirildiyi bildirilib. Lakin "Paşa Svetomuzıka" bir-neçə ildən sonra "dirilib". O, həmin vaxtlar Krasnoyarsk Alüminium zavodunun sabiq direktoru Anatoli Bıkov tərəfindən himayə olunub. 2002-ci ildə kriminal avtoritet və himayəçisinin bəzi cinayətlərinin üstü açılıb və hərəsi 6 il müddətə azadlıqdan məhrum edilib. Daha sonra bəraət alan Bıkova 26 min avro təzminat ödənilib.