Bakıda daha bir möhtəşəm idman kompleksi - Su İdmanı Sarayından REPORTAJ
Su İdmanı Sarayı. Bu, mənim kompleksə ikinci gəlişim idi. İlk gördüyüm təəssüratla bu gün arasında yerlə göy qədər fərq vardı. Əvvəl burada gördüyüm tikinti işləri, hasara alınmış bina, tikintidən qalan qalıqlar vardısa, indi yaşıllıq zonası, təmiz mərmər döşəmə, su ilə doldurulmuş təmiz hovuzlar Avropa Oyunlarına tam hazır bir kompleks vardı.
Su İdmanı Sarayının açılışı aprelin 20-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə keçirilib. Elə İdman sarayının təməlqoyma mərasimi də 2013-cü il aprelin 19-da prezident İlham Əliyevin iştirakı ilə baş tutub.
Bir zamanlar yalnız beton konstruksiyalardan ibarət olan saray bu gün beynəlxalq standartlara tam cavab verəm möhtəşəm bir İdman Kompleksinə çevrilib. Altı hektar ərazisi olan bu nəhəng idman qurğusu paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşir. Ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.
Su İdmanı Sarayında bizi ilk qarşılayan kompleksin layihə rəhbəri Tom Butçer oldu. Səmimi və eyni zamanda da söhbətcil insan olan Butçer deyir ki, iki ildir bu saray onun həm evinə, həm də iş yerinə çevrilib. Hər daşına, hər küncünə yaxşı bələddir ərsəyə gələcəyi günü illər uzunu gözlədiyi layihəsinə yeni doğulan övladı kimi baxır.
Layihə rəhbəri Tom Butçer deyir ki, Su İdmanı Sarayında üzgüçülük və suyatullanma hovuzları, həmçinin iki məşq hovuzu tam hazırdır. Hovuzlara ilkin olaraq su da buraxılıb. Yarış zamanı hovuzlarda hansısa problemin yaranmaması üçün artıq bir müddətdir yoxlamalar aparırıq. May ayından burada sınaq yarışları keçiriləcək. Mayın 22 və 23-də isə test yarışlarının keçirilməsi nəzərdə tutulub".
Yarışların keçiriləcəyi əsas hovuzun uzunluğu 50, eni 25, dərinliyi isə 2,5 metrdir. Bu hovuz su idmanının müxtəlif növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub.
Dörd mərtəbə hündürlüyündə olan obyektdə yarışları izləyəcək 6000 tamaşaçı üçün oturacaqlar da qurulub. Bundan əlavə, sarayda əlil tamaşaçılar, VVIP, VIP və media bölmələri inşa olunub.
Birinci mərtəbənin qərb hissəsində yarışların nəticələrinin qeydiyyatı otağı olacaq. Burada həmçinin paltardəyişmə və media otağı da nəzərdə tutulub. VİP qonaqlar üçün otaqlar ikinci mərtəbədə inşa edilib. Mərkəzin şərq hissəsində tamaşaçılar, qərb hissəsində isə əsasən akkreditasiyadan keçmiş qonaqlar yer alacaqlar.
Əsas zaldakı hündürlükdən suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 1, 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib.
Binanın dam örtüyünün bir hissəsində “SKY LİGHT” xüsusi panoram şüşə panellərindən istifadə edilib. Bu şüşə panelləri eyni zamanda günəş enerjisini elektrik enerjisinə çevirmək funksiyasına malikdir. Buradan əldə edilən elektrik enerjisi sarayın bəzi sahələrinin enerji təminatına yönəldiləcək.
Su İdmanı Sarayının binasında Avropa Olimpiya Komitəsinin və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun olaraq funksional və köməkçi sahələr yaradılıb. Binada üzgüçülər üçün xüsusi məşq platformaları və avadanlığı quraşdırılan fitnes - akrobatika, ağır atletika zalları mövcuddur. Su İdmanı Sarayının ikinci zalında məşqlər üçün üzgüçülük hovuzu inşa olunub.
İki hissədən ibarət olan hovuzun uzunluğu 51, eni 20 metrdir. Birinci hissədə əsasən yarış iştirakçılarının üzməsi və məşqlərin həyata keçirilməsi üçün nəzərdə tutursa, ikinci hovuz əsasən azyaşlıların istifadəsinə veriləcək. İkinci hovuzu digər hovuzlardan fərqləndirən unikal cəhət isə burada hovuzun döşəməsinin istifadəçilərin boyundan asılı olaraq aşağıya doğru qalxıb enməsidir.
Qeyd edək ki, 2015-ci ildə Odlar Yurdu Azərbaycandan start götürəcək Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 41-ci sessiyasında qəbul olunub. Ölkəmizin namizədliyi 38 dövlət tərəfindən dəstəklənib.
Bakı Su İdmanı Sarayında yaradılan şərait bir daha təsdiqləyir ki, dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi seçən Azərbaycanda bu cür infrastruktur layihələrinin icrası ölkəmizin gücünü göstərir. Əcnəbi Tom Butçerin yeni doğulan övladı saydığı idman kompleksi isə təkcə onun deyil, eyni zamanda bütün Azərbaycanın və azərbaycanlılarındır. Avropa Oyunları başa çatdıqdan sonra bu möhtəşəm mərkəz paytaxt sakinlərinin tam istifadəsinə veriləcək.