28 aprel nə günüdür? - SORĞU
Azərbaycanda təqvimin bayram kimi qeyd edilən bir günü də vardı - 28 aprel. Ona görə "vardı" deyirik ki, 70 il ölkəmizdə bayram kimi qeyd olunan bu gün əslində işğalın və işğalçıların bayramı idi. Düz 95 il əvvəl - 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə XI Qızıl Ordu Azərbaycan Xalq Cümhuriyyətinin varlığına, məmləkətimizin isə müstəqilliyinə son qoymuşdu. 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra hər şey öz adı ilə çağırılmağa başlananda 28 aprel də gerçək qiymətini aldı və bütün dünya bildi ki, Azərbaycanın gerçək bayramı Şərqdə ilk demokratik respublikanın qurulduğu 28 Maydır. Görəsən, Bakı sakinləri 28 aprel tarixini necə xatırlayırlar?
“Yox, bilmirəm”.
“Azərbaycanın zəbt olunduğu gündür. Amma 28 May bizim istiqlal günümüzdür. Bir az da günah bizim özümüzünkülərdə olub, gərək onlara o qədər sərbəstlik verməzdilər. Ataların bir məsəli var - ilanın ağına da lənət, qarasına da. Görüb öldürməyənə lənət. Elə ilanlar girdilər bura, köçürdülər. Ruslar köçürdü, daha doğrusu. İrandan, sonra da Türkiyədən sürgün olundu. Köçürərdin öz ölkənə də. Gərək Azərbaycan torpağına köçürərdin? Nəyə görə? Türk millətinin ənənələrini kəsmək üçün.
“Azərbaycanın inqilabı. İnqilab edib 1920-ci ildə. Sovet respublikası olması günüdür. Ruslar gəlib götürdülər Azərbaycanı, sosializm quruldu”.
“Müstəqillik günüdür. Yox, bilmirəm, yalan deyərəm”.
“Azərbaycanın işğal edildiyi gündür. Onu biz bayram edirdik sovet zamanı. İndi də ayılmışıq ki, bütün bayramlar yasın içində imiş, xəbərimiz yoxdur”.
“Bolşeviklərin hakimiyyətə gəldiyi gündür”.
“Bayram günüdür”.
“Əvvəl nə isə 28 aprel idi, sonra dəyişib 28 may elədilər. Metronun da adı elə idi, deyəsən. Respublika günü idi, sonra nəyəsə görə dəyişdilər, bunu bilmirəm”.
“Sovet hökumətinin 20-ci ildə Azərbaycanda bərqərar olunduğu gündür. O vaxt biz SSRİ tarixində oxuyurduq məktəb vaxtı. O vaxt daha böyük gün kimi yadda idi bu. Metro stansiyası da var idi 28 aprel adında”.