Şirvanda şantajla məşğul olan yalançı “vəkil” həbs edilib
Şirvanda özünü vəkil kimi təqdim edərək vətəndaşları aldadan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Şirvan Şəhər-Rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verdiyi məlumata görə, Şirvan şəhərində fəaliyyət göstərən “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri, 1970-ci il təvəllüdlü İskəndərli Azad Vəlyəddin oğlu özünü hüquq müdafiəçisi kimi təqdim edərək, qanunsuz vəkil xidmətləri göstərməklə vətəndaşları aldatmaqda ittiham edilib.
Azad İsgəndərli əməlini belə izah edir: “Sənədlər hamısı yerindədir. Vətəndaşla aramızda müqavilə imzalanıb. Sadəcə olaraq vətəndaş narazı qalıb, şikayət ərizəsi verib”.
İstintaqla müəyyən edilib ki, o, etibardan sui-istifadə etmə, aldatma və şantaj yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq və özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətlərini törədib.
Azad İsgəndərli haqqında Cinayət Məcəlləsinin 178.2.2 178.2.4 (dələduzluq), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri təqsirləndirilməsinə dair Cinayət işi açılıb. Qeyd edək ki, o daha Cinayət Məcəlləsinin 182.1, 228.1, 228.4, 66.3-cü maddələri ilə təqsirləndirilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Azad İskəndərli 2008-ci ilin oktyabr ayında Şirvan şəhərində fəaliyyət göstərən “Sərvət” Şadlıq sarayının sahibi Qasımov İbrahim Əli oğlundan 2500 manat borc pul alıb və qaytarmayıb. O, sahibkarı şantaj edərək hər ay 300 manat ödəməsini tələb edib.İbrahim Qasımov bununla razılaşmayıb: “Dedi ki, pul vermirsinizsə, sizi şantaj edəcəyəm, internetdə biabır edəcəyəm. Belə şeylər yazacağam. Yazdı, dediyi şeyləri etdi. Mən də hüquq-mühafizə orqanlarımıza müraciət etdim ki, barəsində tədbir görsünlər”.
Bundan başqa, Azad İskəndərlinin Salyan rayon Bəşirbəyli kənd sakini Həşimov Seymur Çingiz oğlundan 1200 manat, Bakı şəhəri, Suraxanı rayon sakini Dəmirova Nazilə İskəndər qızından, onun övladları Simrand və İlkin Dəmirovlardan 4350 manat məbləğində pulu aldatma yolu ilə aldığı müəyyənləşib.
Faktla bağlı araşdırma davam edir.