Bakıda çayxanada yanğın baş verib, ölən var
Bakıda ticarət və iaşə obyektində ötən gecə baş verən yanğın ölümə səbəb olub. APA TV-nin məlumatına görə, Şərifzadə küçəsində yerləşən ikimərtəbəli obyektin çayxana kimi fəaliyyət göstərən hissəsindən başlayan yanğın qısa müddət ərzində bütün obyekti əhatə edib.
Yanğın yerinə əvvəlcə Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Daha sonra köməyə əlavə qüvvə də çağırılıb.
Görülən tədbirlərə baxmayaraq, alovun qarşısını almaq mümkün olmayıb və hadisə ilə bağlı 2-ci dərəcəli çağırış elan edilib, ərazidə qərargah yaradılıb.
Yanğın başlayarkən çayxananın işçisi, 22 yaşlı Şöhrət Əlövsət oğlu Xanbabayev və daha bir nəfər içəridə olub. Yanğından canını qurtarmağa çalışan 22 yaşlı gənc qapının şüşəsini sındıraraq bayıra çıxmaq istəyib. Bu zamanı şüşə qırıqları onun ayaq damarlarını kəsib. Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılan Şöhrət Xanbabayev çoxlu qan itirdiyindən, yolda dünyasını dəyişib. Daha bir nəfər isə tüstüdən zəhərlənib.
Hadisə nəticəsində ticarət obyektinin dam örtüyünün böyük hissə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində birinci mərtəbənin əhəmiyyətli hissəsi yanğından mühafizə edilib.
Yanğın baş vermə səbəbləri, eləcə də dəymiş maddi ziyan rayon prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən aparılacaq birgə araşdırma zamanı müəyyən ediləcək.