Avropa Oyunlarının məşəli Naxçıvanda!

İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəlinin səyahətinə start verilib.

 

APA TV-nin  məlumatına görə, Bakıda qədim od məbədi Atəşgahda alovlandırılan məşəl ilk səfərinə çıxıb. Dünən səhər Naxçıvana aparılan məşəl artıq Muxtar Respublikanı gəzib. Yarışın rəmzini aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyevdən alan estafetin ilk məşəlçisi, olimpiya çempionu Rəfiqə Şabanova təyyarə ilə aparılan məşəllə Naxçıvan hava limanına enib.

 

Məşəl Naxçıvan səyahəti proqramı çərçivəsində yerli idmançıların müşayiəti ilə Duzdağa aparılıb. Avropa Oyunlarının rəmzi oradan da Əshabi-Kəhf ziyarətgahına yollanıb. Məşəl estafeti saat 20:06-da start götürüb.

 

İlk olaraq məşəllə qaçan Xanım Xudadanovanın ardınca müvafiq ardıcıllıqla Əfqan Qurbanov, İbrahim Musayev, Kənan Əsədov, Sahil Rüsanov, Tural Gözəlov, Fəridə Hənifəyeva, Tamerlan Abdullayev, Səkinə İbrahimova, Gülxanım Cəlilova, Polad Əliyev alovu ümumilikdə 4,1 km məsafədə aparıblar.

 

Minlərlə insanın izlədiyi estafet 1 saat davam edib. Daha sonra Naxçıvandakı Heydər Əliyev adına meydanda Alov festivalı baş tutub. Tədbir çərçivəsində Naxçıvanın idmançıları və incəsənət xadimləri məşəl estafetinə qoşulub. Festival bədii hissə və konsertlə izləyicilərdə bayram əhval-ruhiyyəsi yaradıb. Tədbir atəşfəşanlıqla yekunlaşıb.

 

 

Məşəl aprelin 29-da Lənkəran səyahətinə yollanacaq. Burada da Alov festivalı nəzərdə tutulub.

 

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşacaq və açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

 

İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Müəllif | Apa.Tv
Apa.tv