Baltimorda fövqəladə vəziyyət elan edildi
ABŞ-ın Baltimor şəhərində polis tərəfindən kriminal fəaliyyət şübhəsi ilə saxlanılan afroamerikalının ölümündən sonra kütləvi iğtişaşlar şiddətlənib.
APA TV-nin xəbərinə görə, Merilend ştatının qubernatoru Lari Hoqan iğtişaşlarla əlaqədar fövqəladə vəziyyət rejimi elan edib.
“Associated Press” agentliyinin məlumatına görə, ABŞ Milli Qvardiyası hazırlıq vəziyyətinə gətirilib.
Baltimorda etirazçılar avtomobilləri yandırır, soyğunçuluq halları müşahidə olunur.
Şəhərdə komendant saatı tətbiq edilib. Bunu şəhərin meri Stefani Rolinqs-Bleyk bəyan edib. Komendant saatı saat 22:00-dan səhər saat 5-ə kimi bir həftə müddətində qüvvədə olacaq.
Amma bu da şəhərdə vəziyyətin sabitləşməsinə kömək etməyib. Baltimorun mərkəzində yanğınlar başlayıb. Yanğın bir neçə binanı və qarət olunmuş mağazaları əhatə edib.
Kütləvi iğtişaş nəticəsində 15 polis əməkdaşı xəsarət alıb. Aksiya iştirakçılarından onlarla adam saxlanılıb.
Xatırladaq ki, insidentə polis tərəfindən saxlanılan 25 yaşlı qaradərili Freddi Qreyin sonradan xəstəxanada ölməsi səbəb olub.
Son məlumata görə, ABŞ prezidenti Barak Obama yaranmış vəziyyəti baş prokuror Loretta Linç və Baltimor şəhərinin meri Stefani Rolinqs-Bleyki ilə müzakirə edib.