Yəməndə üsyançıların dənizdən də bombalanması başladı
Yəməndə şiə-husi üsyançıları ilə devrilmiş prezident Əbd Rəbbo Mansur Hadiyə bağlı ordu birləşmələri arasında qanlı döyüşlər gedir.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, üsyançıların mövqeləri havadan və dənizdən də bombalanır. Bundan əlavə, bölgədə radikal dini qruplaşmaların da aktivləşməsi hiss olunur.
Beynəlxalq Qızıl Xaç Yəmən əhalisinin faciəvi vəziyyətdə olduğunu bildirib. Qeyd olunur ki, döyüşlərin şiddətlənməsi əhaliyə humanitar yardımın çatdırılmasını mümkünsüz edib.
Xatırladaq ki, "ərəb koalisiyası"na rəhbərlik edən Səudiyyə Ərəbistanı bir həftə əvvəl "Qətiyyət fırtınası" əməliyyatına son verildiyini bildirib. Amma buna baxmayaraq, bu müddət ərzində bombardmanlar davam edib.