Bakı Metropoliteni Avropa Oyunlarına necə hazırlaşır?
Bakı Metropoliteni Birinci Avropa Oyunlarına hazırlıqları yekunlaşdırmaq üzrədir. Bu barədə APA TV-yə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, ilk olaraq metroda təhlükəsizlik tədbirləri gücləndiriləcək, bu sahədə hər hansı problem yaşanmayacaq. Oyunlar zamanı metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: "Çalışacağıq ki, həm paytaxt sakinləri, həm də xarici qonaqlar hər hansı problemlə qarşılaşmasın. Avropa oyunları ərəfəsində metropolitendə olacaq dəyişikliklərdən biri də iş saatının uzadılması ilə bağlıdır. Hazırda metronun iş rejimi səhər saat 6:00-dan gecə saat 00:00-a qədərdir. Avropa Oyunları zamanı isə bu qrafik bir saat uzadılacaq. Gecə saat 01:00-a qədər fəaliyyət göstərəcək. Stansiyalar sərnişinlərin üzünə açıq olacaq. Açılış və bağlanış mərasimləri günü isə bu vaxtın daha da uzadılma ehtimalı var. Nəzərə alaq ki, Bakı Olimpiya stadionu "Koroğlu" metro stansiyasının yanında yerləşir. Eləcə də digər oyunların keçiriləcəyi günlərdə sərnişinləri tam daşımaq ehtimalı bitənə qədər biz o sakinlərə xidmət göstərəcəyik".
Nəsimi Paşayev qeyd edib ki, Metropolitendə işləyən hər bir əməkdaş göstərəcəyi xidmətlə bağlı təlimatlandırılıb. Bununla yanaşı, Avropa Oyunları zamanı metropolitenin stansiyalarında fəaliyyət göstərmək üçün könüllülər də cəlb ediləcək: "Artıq bununla bağlı elan vermişik. Təxminən 70-ə yaxın könüllü cəlb etmək istəyirik. Xüsusilə də xarici dilləri bilənlər cəlb olunacaq bura. Onlar həm sərnişin axınını nizamlamaqda, həm də xarici qonaqların istənilən suallarını cavablandırmaqda bizə yardımçı ola biləcəklər. Öz işçilərimiz də bununla bağlı onlara məlumat verə biləcəklər".
Mətbuat katibinin sözlərinə görə, metro daxilində stansiyalarda, platformalarda istiqamət verici lövhələr dəyişdirilir və yeniləri ilə əvəzlənir: "İşlər yekunlaşmaq üzrədir. Mərkəzi serverdən idarə olunan, tam elektron formada həyata keçirilən monitorlar quraşdırmışıq. Onlarda istiqamətlər və stansiyalar həm Azərbaycan dilində, həm də ingilis dilində yazılacaq".
Avropa Oyunları zamanı sərnişinlərin rahat gediş-gəlişini təmin etmək üçün metro daxilində heç bir ticarət məntəqəsi olmayacaq. Nəsimi Paşayev son zamanlar metro stansiyalarının ətrafında dilənçilərin sayının da azaldığını deyib.