İndoneziyada məhkum edamından bir gün əvvəl evləndi
İndoneziya həbsxanalarından birində saxlanılan ölümə məhkum edilmiş şəxs edamına bir gün qalmış ailə qurub.
APA TV-nin məlumatına görə, avstraliyalı Endrü Çan tanıdığı bir qızla nikaha girib. Mərasimdə hər iki tərəfin qohumları və dostları iştirak ediblər.
"Bu çox ağırdır. Onun ən xoşbəxt günü burda baş tutmamalı idi. Ümid edirik ki, gənclərin bu addımı nəzərə alınacaq və prezident Çanı bağışlayacaq. Onların bərabər həyatlarını davam etdirmələri üçün şərait yaradılacaq" - deyə edama məhkum bəyin qardaşı bildirib. Cütlük Endrü Çan Bali həbsxanasında cəza çəkərkən tanış olub. Bundan sonra o, sevgilisini tez-tez görmək üçün həbsxanaya gəlməyə başlayıb.
Endrü Çan 2006-cı ildə heroin qaçaqmalçılığı ilə məşğul olduğu üçün həbs edilib və bu gün edam oluna bilər. Ondan başqa həbsxanada daha 8 nəfəri ən ağır cəza gözləyir. Onların çoxu əcnəbidir.
Xatırladaq ki, İndoneziya hakimiyyəti narkotik qaçaqmalçılığına qarşı olduqca sərt mövqe nümayiş etdirir.