Səudiyyə Ərəbistanı: “Neftin qiyməti stabilləşməlidir”
“Neftin ədalətli və stabil qiymətləri hasilatçılar kimi, istehlakçıların da xeyrinə olacaq. Bu, həmçinin dünya neft bazarında tələb və təklifin davamlı inkişafına müsbət təsir göstərəcək”. APA TV-nin məlumatına görə, bu fikirlər Səudiyyə Ərəbistanının neft naziri Əli ibn İbrahim ən-Nuaymiyə məxsusdur.
O bildirib ki, neftin ucuzlaşması Asiyanın inkişaf edən ölkələrinin xeyrinə olsa da, dünyanın neft hasilatçıları üçün problemlər yaradıb.
“Neft - uzunmüddətli plan və investisiya tələb edən biznesdir. Neftin qəfil bahalaşması və ya ucuzlaşması müsbət qəbul olunmur. Qiymətlərin stabilləşməsi hamımızın marağına cavab verir. Asiyada neftə tələbat yenə də böyükdür və biz istənilən tələbatı qarşılamağa hazırıq. Neft yenə də dünyada əsas xammal növü olacaq, Səudiyyə Ərəbistanı isə bir nömrəli neft dövləti olaraq qalacaq”.
Ən Nuaymi bildirib ki, Səudiyyə Ərəbistanı gündəlik hasilatı 10 milyon bareldən aşağı salmır. Onun sözlərinə görə, ölkəsi Çinlə əməkdaşlıqda maraqlıdır və bu ölkəyə istənilən qədər neft satmağa hazırdır. Xatırladaq ki, Çin bu yaxınlarda ABŞ-ı keçərək Səudiyyə Ərəbistanının əsas ticarət tərəfdaşına çevrilib. Səudiyyə Ərəbistanı və Çin hər iki ölkənin ərazisində birgə neft emalı zavodları inşa ediblər.