Səlim Müslümov: “Əlilliyin təyin olunması meyarlarına yenidən baxılmalıdır”

"Əlilliyi olan şəxslərin Tibbi Sosial Ekspert komissiyaları ilə az təmasda olması üçün ölkə başçısının tapşırığı var".

 

APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyin yeni qaydalarla təyin olunmasına münasibət bildirərkən belə deyib.

 

Nazir bildirib ki, əlilliyin təyin olunmasında dövrilik və müddət məsələlərinə yenidən baxılması vacibdir: "Bu sahədə şəffaflığın təmin olunması üçün məmur-vətəndaş kontaktlarının minimuma endirilməlidir. Birinci qrup əlillik təyin olunarkən əsasən iki illiyə təyin olunur. İkinci qruplarda bu 10 il ərzində baş verir. Üçüncü qruplarda insan pensiya yaşına çatana qədər davam edir. Bu da 230 minə yaxın insanın bu cür proseslərə məruz qalmasına, hər il 230 min insanın TSEK-lərdə çalışan 140 işçi ilə üz-üzə gəlməsinə səbəb olur. Bu da neqativ hallar yaradır".

 

Bakıda keçirilən Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfransda çıxış edən nazir Səlim Müslümov bildirib ki, tikinti müəssisələrində aparılan təhqiqatlar zamanı məlum olub ki, bir neçə müəssisədə sağlam və təhlükəsiz əmək şəraiti yaradılmır: "Keçən ilə nisbətən istehsalatda bədbəxt hadisələrin sayı 40 faizə qədər, ölüm hallarının sayı 50 faiz azalıb. Eləcə də biz qrup halında baş verən qəzaların ayrıca statistikasını apardıq".

 

Səlim Müslümov bildirib ki, 2015-ci ilin yanvar-mart ayları ərzində istehsalatla əlaqəli 33 bədbəxt hadisə qeydə alınıb. Bu, ötən ilin ilk rübü ilə müqayisədə 40 faiz azdır. Həmin hadisələr nəticəsində həlak olanların sayı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz azalaraq 8 nəfərə, xəsarət alanların sayı isə 49 faiz azalaraq 25 nəfərə enib. Nazir bildirib ki, 50 nəfərdən artıq işçisi olan bütün işəgötürülənlər əməyin mühafizəsi üzrə kiçik bölmə yaratmalıdır. Hazırda əksər işəgötürənlər yaratmasa da, onlara hər hansı cərimə tətbiq oluna bilmir:

 

"Buna görə də əgər qanunvericilikdə hər hansı bir norma varsa və bu normanı kimsə yerinə yetirməli olduğu halda yerinə yetirmirsə, buna görə məsuliyyət daşımalıdır. Bu məsuliyyətin maddi tərəfi, ölçüsü olmalıdır. Buna görə də biz nəzərdə tutmuşuq ki, həmin xidmətləri yaratmayan işəgötürənlərə, vəzifəli şəxslərə 1000-2000 manat məbləğində cərimə tətbiq edək".

 

Bildirilib ki, bir sıra müəssisələrdə istehsalat qəzalarının qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsində hələ də nöqsanlar mövcuddur. Belə nöqsanlar xüsusən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və rabitə, emal sənayesi və sair sektorlarda özünü göstərir.

 

Müəllif | Apa.Tv