Prezident İlham Əliyev: "Azərbaycan multikulturalizm mərkəzinə çevrilib"
Aprelin 28-də Azərbaycanın paytaxtında III Qlobal Bakı Forumu işə başlayıb. APA Tv-nin xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib.
Dövlət başçısı çıxışında belə bir mühüm beynəlxalq tədbirin Bakıda keçirilməsindən məmnun olduğunu deyib. Azərbaycanın əsrlər boyu Şərq ilə Qərb arasında körpü olduğunu deyən prezident İlham Əliyev ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadıqlarını bildirib. Qeyd edib ki, artıq Azərbaycan multikulturalizm mərkəzinə çevrilib və ölkəmiz müstəqillik baxımından gənc olsa da, ötən dövrdə mühüm nailiyyətlər qazanıb. Bu gün Azərbaycanda uğurlu islahatların həyata keçirildiyini, bütün azadlıqların təmin olunduğunu deyən dövlət başçısı ölkədə hüquqi sistemin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görüldüyünü vurğulayıb.
“Azərbaycan beynəlxalq aləmdə də öz yerini tutub, ölkəmiz bir çox mötəbər beynəlxalq qurumların üzvüdür”, - deyən prezident İlham Əliyev qeyd edib ki, bir neçə il öncə 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ölkəmiz beynəlxalq münasibətlər sisteminə öz töhfəsini verir. Hazırda dünyada ikili standartların bir qaydaya çevrildiyini, ölkəmizin işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icra olunmadığını deyən dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində üzləşdiyimiz çətinliklərdən danışıb, münaqişənin həlli ilə bağlı ölkəmizin qəti mövqeyini açıqlayıb.
Son 10 ildə ölkəmizin iqtisadi baxımdan sürətlə inkişaf etdiyini, qeyri-neft sektorunun iqtisadiyyatda çəkisinin artdığını, əlverişli biznes mühitinin qurulduğunu və Azərbaycanın xarici sərmayələr üçün açıq ölkəyə çevrildiyini deyən prezident İlham Əliyev işsizliyin, yoxsulluğun azaldılması istiqamətində görülən tədbirlərin davam etdirildiyini bildirib, kosmos sənayesinə malik Azərbaycanın iqtisadi nailiyyətlərinin müstəqil xarici siyasət yürütməyə imkan verdiyini vurğulayıb. Enerji təhlükəsizliyinə gəlincə, prezident İlham Əliyev bildirib ki, bu sahədə şaxələndirilmə siyasəti davam etdirilir, ölkəmizdə hasil olunan enerji resurslarının xarici bazarlara ötürülməsi üçün yeni marşrutlar çəkilir.
Prezident İlham Əliyev ölkəmizdə təhsilin inkişafı ilə bağlı görülən işlərdən də danışıb. “Bizim üçün təhsil müasirliyə və inkişafa aparan yoldur”, - deyən dövlət başçısı bir daha Forumun işinə uğurlar arzulayıb.
Daha sonra Almaniyanın Federal Kansleri Angela Merkelin və Böyük Britaniyanın Baş naziri Devid Kemeronun Foruma ünvanladığı məktublar oxunub. UNESCO-nun baş direktoru İrina Bokova və BMT-nin keçmiş baş katibi Butros Butros-Qali öz videomüraciətlərində Forumun işinə uğurlar arzulayıb, burada müzakirə edilən məsələlərin dünya üçün əhəmiyyətli olduğunu bildiriblər.
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin salamlarını Forum iştirakçılarına çatdırıb, onun da bu Forumun işinə böyük əhəmiyyət verdiyini bildirib.
Xatırladaq ki, üçüncü dəfə Bakıda keçirilən Foruma Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq dövlət və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndə qatılıb.