Con Kerrinin ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası
I Avropa Oyunlarının başlanmasına bir ay yarımdan da az vaxt qalır. Azərbaycan ümumavropa ailəsinin tarixində ilk dəfə keçiriləcək bu möhtəşəm idman bayramına ciddi hazırlaşır. APA Analitik Mərkəzinin araşdırmaları nəticəsində məlum olub ki, çox təəssüf ki, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi zamanı olduğu kimi, xarici anti-Azərbaycan şəbəkə və erməni lobbisi səylərini birləşdirərək, mütəşəkkil qaydada, məqsədyönlü şəkildə fəaliyyətə keçərək, növbəti dəfə bu fürsəti Azərbaycanın əlindən almaq niyyətini açıq şəkildə ortaya qoyublar. Əldə olunan sənədlər planlı, məqsədyönlü şəkildə həyata keçirilən həmin fəaliyyətin əsas hədəflərini, miqyasını, konturlarını, iştirakçılarını, istifadə olunan metod və resurslarını müəyyənləşdirməyə imkan verir. Azərbaycan ictimaiyyətinin də böyük marağına səbəb olacağını nəzərə alaraq, həmin sənədlərin təfsilatını açıqlamağı məqsədəuyğun hesab olunur. ABŞ-da bu kampaniyanın təşkil olunması National Endowment for Democracy təşkilatına həvalə edilib. Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb.
Bir müddət bundan öncə mərkəzi fiqur NED olmaqla Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb. Hazırda layihə təsdiq mərhələsindədir və yaxın günlərdə onun açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli-miqdarda vəsait ayrılıb. Sənədin preambula hissəsində açıq şəkildə bildirilir ki, “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir”. Bu ayın əvvəlində “Freedom House” təşkilatının sabiq rəhbəri Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “5-ci kolon”un parlaq nümayəndələrindən olan və hazırda Amerikada yaşayan Elmar Şahtaxtinski də daxil olmaqla bir qrup şəxsin ABŞ Dövlət katibi Con Kerriyə müraciət ünvanlaması ilə layihənin ilkin konturları ictimaiyyətə açıqlanıb. Konqresmen və senatorlar da daxil olmaqla 100 nəfər tanınmış ictimai-siyasi xadimdən imzalar alınması, Konqresdə dinləmələr təşkil edilməsi ilə yanaşı, Azərbaycana qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının dondurulması və digər istiqamətlərdə tədbirlərin reallaşdırılması təşəbbüsü irəli sürülür. Sənədə əsasən, Azərbaycanda bu məqsədlərə dəstək verən təşkilat qismində “Milli Şura” adlandırılan qurumun cəlb olunması planlaşdırılıb. Lakin məsələ ilə bağlı ən maraqlı məqam ondan ibarətdir ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın Dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır.
“İnsan hüquqları naminə idman” kampaniyası adlandırılan ikinci sənədə əsasən, Avropada hərəkətverici qüvvə rolunda beynəlxalq hüquq-müdafiə təşkilatları çıxış etməklə, habelə rəsmi dairələr, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni “qara piar” layihəsinin icrasına başlanmışdır. Sənəddə açıq şəkildə bildirilir ki, bu il və qarşıdan gələn illərdə Azərbaycanda l Avropa Oyunlarının, parlament seçkilərinin, “Formula 1” yarışmasının, İslam Həmrəylik Oyunlarının və digər mühüm beynəlxalq tədbirlər keçiriləcəyinə görə, dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcəkdir və bu fürtsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir.
Qeyd edilməlidir ki, bu il yanvarın 15-16-da Polşanın paytaxtı Varşavada beynəlxalq QHT-lərin görüşü keçirilib. Həmin görüşdə ermənipərəst mövqeyi ilə tanınan və Gürcüstanda keçirdiyi qalmaqallı tədbirlə yadda qalan Çexiyanın People in Need, həmçinin Azərbaycana qarşı aqressiv mövqeyi ilə tanınan Human Rights Watch, vaxtilə Azərbaycanda uğursuz fəaliyyət göstərmiş Danimarkanın İnternational Media Support, həmçinin Platform London, Netherlands Helsinki Committee, İndex on Gensorship, Article XlX, İnternational Partnership for Human Rights, YouAid Foundation və digər təşkilatların nümayəndələri iştirak ediblər. Layihənin icrasına Sərhədsiz Reportyorlar, Avropada Stabillik Təşəbbüsü, İnsan Hüquqları və Biznes üçün Polşa Təşkilatı, Belarus Məlumat Ofisi və başqa qurumların cəlb olunmasının zəruriliyi rəyi ifadə edilib.
“Qara piar” kampaniyası çərçivəsində Azərbaycanda, Avropada və internetdə həyata keçiriləcək tədbirlərin miqyası heyrət doğurmaya bilməz:
- Hələ başlamamış Avropa Oyunları ilə bağlı korrupsiya və qanunsuzluqlara dair hesabatların hazırlanması;
- Azərbaycanda idmançılar və məşhur şəxslərlə əlaqə saxlamaqla kampaniya üçün səfirlər təyin edilməsi;
- Həbsdə olan şəxslərin hal anketlərinin, onların infoqrafika və şəkillərinin, media üçün informasiya paketlərinin hazırlanması
- ABŞ və Avropa rəsmiləri və siyasətçiləri ilə davamlı təbliğat işlərinin aparılması;
İnternet səhifələrinin, bülletenlərin, bəyanatların, məktub və müraciətlərin hazırlanması;
Əl-Cəzirə, BBC və Nordic Broadcastes mərkəz KİV-lər olmaqla kampaniyaya beynəlxalq media yardımının təşkil edilməsi;
- Azərbaycanda baş verən hər bir neqativ hadisədən öz məqsədləri üçün istifadə edilməsi;
Avropa Oyunlarını boykot etmək üçün siyasətçilərdən, xüsusilə xarici işlər nazirlərindən xahiş edilməsi;
- İdmançıların bu kampaniyanın “xoşməramlı səfiri” olmağa cəlb edilməsi;
- Beynəlxalq Olimpiya Komitəsi, milli olimpiya komitələrinə müraciətlər hazırlanması və göndərilməsi;
- Xüsusi filmlərin hazırlanması və Avropa ölkələrində nümayiş etdirilməklə onların müzakirəsinin təşkili;
- Avropa Oyunlarında iştirak edən bütün ölkələrdə etiraz aksiyalarının keçirilməsi;
- Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq institutların bu qara kampaniyanın məqsəd və məramının həyata keçirilməsinə cəlb olunması;
- Jurnalistlər, yazıçılar və digər yaradıcı insanlarla işbirliyinin qurulması və s.
Bütün bunların həyata keçirilməsi ilə paralel olaraq müxtəlif müraciətlər, bəyanatlar, on-line ərizələr, multi-media vasitələri və internetdə infoqrafika, parodiya xarakterli cizgi filmləri, satira və karikaturalar, dezinformasiya xarakterli məlumatlar yayılacaq, Twitter sosial şəbəkəsində gulaggames haştaqı ilə bağlı kampaniya aparılacaq, Trip Advisor da daxil olmaqla nüfuzlu turizm saytlarının imkanlarından istifadə ediləcək və s.
Bütün bunlar onu deməyə əsas verir ki, cəmiyyətimiz ABŞ və Avropanın bəzi dairələrinin, erməni lobbisinin təşəbbüsü və maliyyə dəstəyi ilə beynəlxalq QHT-lərin Azərbaycana və l Avropa Oyunlarına qarşı həyata keçirdiyi geniş kampaniya ilə üz-üzədir.
APA Analitik Mərkəzi