Azərbaycan prezidenti Makedoniya və Bolqarıstan prezidentlərini qəbul edib
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Makedoniya prezidenti George İvanov ilə görüşüb.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev əməkdaşlığımızın iqtisadi sahədə də genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Makedoniya prezidenti George İvanov Azərbaycanın son illər əldə etdiyi böyük uğurlar münasibətilə dövlət başçısını təbrik edib və ölkəmizin inkişafı ilə bağlı xoş arzularını söyləyib, Birinci Avropa Oyunlarının Bakıda keçirilməsini böyük tarixi hadisə kimi dəyərləndirib.
Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan prezidenti Rosen Plevneliyev ilə də görüşüb.
Dövlət başçısı Bolqarıstan prezidentinin III Qlobal Bakı Forumunda iştirakının önəmini vurğulayıb.
Bolqarıstan prezidenti Rosen Plevneliyev Bolqarıstan ilə Azərbaycan arasında mövcud ikitərəfli əlaqələrin, əldə olunan razılaşma və anlaşmaların regional əməkdaşlığın genişləndirilməsi baxımından da rolunu xüsusi qeyd edib.
Görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, əməkdaşlığımızın enerji, sərmayə qoyuluşu, birgə layihələrin icrası, təhsil və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.