Oqtay Əsədov: “Əlikram Hümbətov səviyyəsizin biridir"
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında son günlər Rusiyadakı Azərbaycan diasporu arasında ziddiyyətlər, diaspora qarşı olan maneələrlə bağlı narahatlıq ifadə edilib.
APA TV-nin məlumatına görə, deputat Zahid Oruc bildirib ki, Rusiyada milyonlarla azərbaycanlının yaşamasına baxmayaraq, təşkilatlanma işində problemlər, ziddiyyətlər var: “Biz hər zaman istəmişik ki, bu məkanda Azərbaycan diaspora təşkilatları güclü olsun. Çox təəssüf ki, “Milyarderlər İttifaqı” adlanan təşkilat yaranandan sonra Rusiyadakı Azərbaycan diaspor təşkilatları parçalanmağa və zəifləməyə başlayıb. Orada azərbaycanlıların güclü diaspora təşkilatlarının olması problemlərinin daha üst qurumlara çatdırılmasına kömək etmiş olar. Rusiyada Azərbaycan diaspor təşkilatları nə qədər güclü olarsa, bu, bütövlükdə ölkəmiz üçün faydalı olardı”.
İclasda separatçı "Talış Muğan Respublikasının lideri" olmuş Əlikram Hümbətovun son günlər yayılan separatçı və xəyanətkar müraciəti ilə bağlı məsələ qaldırılıb. Millət vəkili İqbal Məmmədov separatçı Əlikram Hümbətovun talış xalqının adından uydurma "soyqırım"la bağlı Ermənistana başsağlığı verməsinə diqqət çəkib: “Hümbətovun Azərbaycana etdiyi xəyanət bu gün də davam edir. Onun bu dövlətə və xalqa aidiyyəti olmayıb. Onlar Azərbaycanda azsaylı xalqlar arasında nifaq yaratmağa çalışırlar. Torpaqlarımızı işğal edən düşmənlə bu şəkildə əməkdaşlıq şəhidlərin ruhuna xəyanətdir. 20 il əvvəl Hümbətov Azərbaycana xəyanət edib, indi də düşmən ölkəyə satılıb. Bu adam talışlardan dəstək almayıb və ala da bilməyəcək”.
Spiker Oqtay Əsədov məsələyə sərt münasibət bildirib: “O, səviyyəsizin biridir, millətinə və ölkəsinə xəyanət edən adamdır. Onun adının bu kürsüdən səsləndirilməsinə belə dəyməz. Çünki o, xalqına, millətinə xəyanət edib. O kimdir ki, ona qarşı kampaniyaya başlayaq? Məncə, bunun yeri yoxdur”.
Deputat Aqil Abbas cəmiyyətdə baş verən kriminal hadisələrin çoxluğundan narahatlığını ifadə edib. Millət vəkili polisin səlahiyyətlərinin artırılması təklifi ilə çıxış edib:
"Ölkədə bıçaqlanma hadisəsi adət-ənənəyə çevrilib. Demək olar ki, hər gün respublikada bıçaqlanma, nəticədə isə ölüm hadisəsi baş verir. Qardaş qardaşı, dayı bacı qızını, qonşu qonşunu qətlə yetirir. Bu günlərdə hoteldə baş verən hadisə də buna bir misaldır. Polisə əlavə səlahiyyət verilməlidir ki, şübhələndiyi şəxsi saxlayıb, üzərinə baxış keçirsin. Artıq beynəlxalq təcrübədə belə bir qanun var”.
YAP icra katibinin müavini Siyavuş Novruzov ölkəyə gətirilən genetik kodu dəyişdirilmiş məhsulların törətdiyi fəsadlardan danışıb. Millət vəkili əlavə edib ki, məhz bu məhsullardan istifadə insanlarda xüsusi aqressiya yaradır: “Elə məhsullar var ki, ölkədə istehsal olunmadığı üçün xaricdən gəlir. Bu məhsullara nəzarət olmalıdır, çünki kodu dəyişdirilir. Televiziyalarda isə başda kriminal xəbərlər gedir, insanın insanı necə qətlə yetirməsini göstərirlər. Eləcə də saytlarda, internetdə insanın özünü necə asmalı olduğunu göstərirlər. Məncə, sosial reklamlar olmalıdır. Törədilən cinayəti xüsusi anonsla vermək lazım deyil. İnsan nə qədər ağır informasiya qəbul edirsə, bir o qədər də aqressivləşir".
Milli Məclisin bu gün keçirilən iclasında yeni qanun layihələri ikinci oxunuşda qəbul olunub. Bundan başqa, 20 qanun layihəsinə əlavə və dəyişikliklər edilib. Qanun layihələri müzakirələrdən sonra qəbul olunub.