FHN və AZAL birgə təlim keçirdi
Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin qüvvə və vasitələri cəlb olunmaqla Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlim keçirilib.
APA TV-nin xəbərinə görə, təlimin əsas məqsədi aeroport ərazisində təhlükəsizliyin qorunması üçün aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, mümkün fövqəladə halların, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkarlığının daha da artırılması olub.
Təlimə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Tibb Xidmətinin və AZAL-ın təhlükəsizlik xidmətlərinin qüvvə və texnikası cəlb edilib. Ümumilikdə təlimdə 20-dən artıq texnika və 100-ə yaxın şəxsi heyət iştirak edib. Təlim zamanı şərti olaraq hava gəmisində baş vermiş yanğın söndürülüb, təyyarədə olan sərnişinlər təxliyə edilib.