Əli Həsənov: “İkili standartlar BMT qətnamələrinin icrasına imkan vermədi”

“Dünyada cərəyan edən ikili standartlar nəticəsində BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələri həyata keçmədi”. APA TV-nin məlumatına görə, bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun "Barış" adlı panelində çıxışı zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

 

Əli Həsənov qeyd edib ki, həmin qətnamələr həyata keçmədiyinə görə Dağlıq Qarabağ problemindən ruhlanan Abxaziya, Cənubi Osetiya münaqişələri Gürcüstanın, Dnestryanı, Qaqauz problemləri Moldovanın ərazi bütövlüyünü təhdid etdi:

 

"Bundan ruhlanan digər ərazilərdə, o cümlədən Rusiya ərazisində - Çeçenistanda, Dağıstanda və digər ərazilərdə etnik münaqişələr başladı, mərkəzdənqaçma tendensiyaları gücləndi. Biz bir daha dünyanı xəbərdar etməyə çalışdıq ki, bu məsələlərə prinsipial yanaşmaq lazımdır. Azərbaycan o zaman dünyaya, BMT Təhlükəsizlik Şurasına çağırışlar etdi ki, bu münaqişələrlə oynamaq olmaz, etnik separatizmə, ərazi iddialarına rəvac vermək olmaz. 1992-1993-cü illərdə Ermənistanın bir-birinin ardınca Azərbaycan torpaqlarını işğal etməsinə cavab olaraq, Azərbaycanın və sülhsevər bəşəriyyətin tələbi ilə BMT Təhlükəsizlik Şurası 4 dəfə toplandı, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsinə dair 4 dəfə qətnamə qəbul etdi. Qətnamələrin tələbləri ondan ibarət idi ki, Ermənistan Azərbaycana ərazi iddialarından imtina etməli, işğal etdiyi əraziləri qeyd-şərtsiz azad etməli və qoşunlar təmas xəttindən geri çəkilməlidir, bundan sonra iki dövlət arasında bu münaqişəni yaradan səbəblər ətrafında danışıqlar başlanmalıdır. Bunun üçün ATƏT-in Minsk qrupunu - ATƏT-in xüsusi həmsədrlik institutunu yaradaraq ABŞ, Fransa və Rusiyanı bu instituta daxil etdilər. Lakin dünyada, o cümlədən Avropada cərəyan edən ikili standartlar nəticəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçmədi".

 

Əli Həsəvov qeyd edib ki, BMT öz qərarlarının icrası ilə bağlı prinsipial addımlar atmayıb, qurumun Təhlükəsizlik Şurası vahid standartlardan çıxış edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyib:

 

"Nəticə isə bu gün Ukraynadakı vəziyyətdir. Bu gün Ukraynada münaqişəni həll etmək üçün bütün səylərini ortaya qoyan beynəlxalq aləm, Avropa, ABŞ 1992-ci ildən bizim çağırışlara prinsipial münasibət göstərib, Dağlıq Qarabağ münaqişəsi ətrafında vahid standartlardan çıxış edib beynəlxalq hüquq normalarını bərqərar etsəydilər, bəlkə də bu münaqişə yaşanmazdı".

 

Prezidentin köməkçisi bildirib ki, müasir dünyada münaqişələrin həll edilməməsinin səbəbi beynəlxalq hüquq normalarının pozulması, beynəlxalq hüquq normalarına əməl olunmasının BMT Təhlükəsizlik Şurası tərəfindən prinsipial şəkildə təmin edilməməsidir.

 

Azərbaycanın müasir dünyada etnik tolerantlığın, dinlər və millətlərarası birgə yaşayış normalarının ən gözəl nümunələrini ortaya qoyduğunu deyən Əli Həsənov bildirib ki, bu gün Azərbaycan sivilizasiyaların kəsişdiyi, İslamla xristianlığın sərhədlərinin birləşdiyi bir məkan olaraq, hər iki dinə, hər iki sivilizasiyaya gözəl meydan verib.

 

“Lakin təəssüflər olsun ki, ermənilər özlərinin etnik təmizləmə siyasətini təlqin edərək Ermənistanda başqa millətin bir nümayəndəsini belə qoymayıblar. Bu gün Ermənistanda ermənidən başqa millət, xalq yaşamır. Son 20 il ərzində o ərazilərdən münaqişə nəticəsində 250 minə qədər azərbaycanlı və digər xalqlar qovulub. Bunun nəticəsi olaraq, bu gün dünyanı və xalqları, millətləri bu etnik münaqişələr təhdid edir, hələ də bu münaqişələrin həlli tapılmayıb”.

 

Müəllif | Apa.Tv