Bakıda saxta pulla alış-veriş edən şəxs tutuldu

Bakının Binəqədi rayonunda saxta pulla alış-veriş edən gənc saxlanılıb.

 

APA TV-nin məlumatına görə, İsmayıllı rayonunda qeydiyyatda olan 20 yaşlı Coşqun Ələkbər oğlu Cəfərli Bakı şəhər sakinləri Elçin Ələsgərovun və Səyyad İsmayılovun mağazalarında hər birinə bir ədəd 20 manatlıq saxta əsginas verərək alış-veriş edib.

 

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Coşqun Cəfərlini saxlayaraq polis idarəsinə gətiriblər. O, polisə ifadəsində saxta əsginasları Bakının Nizami rayonu, 8-ci km qəsəbəsində tapdığını deyib.

 

Əsginasların saxta olduğunu dəqiqləşdirən Coşqun onlardan yaxasını qurtarmaq əvəzinə, pula çevirmək qərarına gəlib. Beləcə, yaşadığı ünvana gedənə qədər bir neçə dəfə ayrı-ayrı mağazalara girən 20 yaşlı gənc həmin dəyərsiz kağız parçalarını dəyərləndirib.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv