Səudiyyə kralı qardaşını taxta varislikdən məhrum etdi
Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz əl-Səud gözlənilməz qərar qəbul edib. APA TV-nin məlumatına görə, o, taxt-tacın gələcək varisinin adını açıqlayıb. Kral bu addımını hakimiyyətdə başladığı yenidənqurma işləri ilə əlaqələndirib. O, öz kiçik qardaşını krallığa namizədlikdən məhrum edib. Yeni varis kralın qardaşı oğlu Muhamməd ibn Naifdir. Bundan əlavə xarici işlər naziri də vəzifəsindən azad edilib. Səud ibn Feysəl 40 il idi ki bu postda təmsil olunurdu. Onun yerinə ölkənin ABŞ-dakı səfiri Ədel əl-Cübeyri gətirilib. Hazırda Yəməndə şiə üsyançılarına qarşı əməliyyatlara rəhbərlik edən Muhamməd bin Salman ikinci şahzadə titulunu qazanıb. Bundan əlavə 79 yaşlı neft naziri Əli ibn İbrahim ən-Nuayimi dövlət şirkəti olan "Saudi Aramco"nun rəhbərliyindən uzaqlaşdırılıb. Bu arada neftin ucuzlaşmasının Səudiyyə Ərəbistanında bahalaşmaya səbəb olduğu barədə məlumatlar var. Xatırladaq ki, kral Salman ibn Əbdül-Əziz əl-Səud bu ilin yanvarında hakimiyyətə gəlib.